Gizli fəaliyyət göstərən kafelər
07.08.2020
Ölkəmizdə yeni koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər nəticəsində şəhərin Qurtuluş küçəsində yerləşən "Babək” və "Basqal” kafelərinin karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.
Hər iki obyektə baxış zamanı kafe sahibləri M.Əliyev və S.Ayazlı ilə yanaşı, 5 nəfər müştərinin xüsusi karantin rejimi qaydalarını pozduqları aşkar olunub.
Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
Xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.