Partlayışdan Finlandiya səfirliyinin binası ciddi zədələnib
05.08.2020
Avqustun 4-də Livan paytaxtında baş vermiş ikiqat partlayış nəticəsində Finlandiyanın Beyrutdakı səfirliyinin binası ciddi zədələnib, bir Finlandiya vətəndaşı yaralanıb.
Finlandiya KİV-ləri bu məlumatı ölkənin Xarici İşlər Nazirliyinə istinadla yayıblar.
Səfirliyin binası ilə partlayış yeri arasında məsafə 2 kilometrdən azdır. Bu səbəbdən, partlayışın zərbə dalğası diplomatik missiyanın binasına ciddi zədə vurub. Hadisə nəticəsində bir Finlandiya vətəndaşı yaralanıb. Hazırda həmin şəxs müalicə kursu keçir, lakin onun kimliyini müəyyən etmək hələlik mümkün olmayıb. Səfirliyin əməkdaşları arasında həlak olan və xəsarət alan yoxdur.
Xatırladaq ki, dünən, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş iki güclü partlayış nəticəsində azı 100 nəfər həlak olub, 4 mindən çox adam yaralanıb. Partlayış yerli vaxtla təxminən saat 18:10-da Beyrut limanında baş verib. Livan hökumətinin fikrincə, partlayışa səbəb külli miqdarda təhlükəli maddənin saxlanma şərtlərinə əməl edilməməsidir.