Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib.
"Dövran Media" xəbər verir ki, bu dəfə yaşıl meydana Uruqvay və Səudiyyə Ərəbistanı milliləri çıxıb. Görüş Uruqvayın minimal hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə həm Uruqvayı, həm də Rusiya yığmasını 1/8 finala çıxarıb. Səudiyyə Ərəbistanı "mundialla” vidalaşıb.
Uruqvay ilk turda Misir yığmasına (1:0) qalib gəlib. Səudiyyə Ərəbistan isə dünya çempionatın açılış matçında ev sahibləri Rusiya millisinə böyük hesabla (5:0) məğlub olub. Səudiyyə Ərəbistan yığması növbəti mərhələyə çıxmaq şansını itirməmək üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Uruqvay millisinə isə səkkizdəbir finala yüksəlmək şansını qorumaq üçün bu görüşdə heç-heçə də kifayət edirdi.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması 1994-cü, 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda mübarizə aparıb. Qatıldığı ilk çempionatda qrup ikincisi kimi səkkizdəbir finala yüksələn Səudiyyə Ərəbistanı millisi bu mərhələdə İsveçə 1:3 hesabı ilə məğlub olub. Səudiyyə Ərəbistanı mundiallarda sonuncu qələbəsini 1994-cü ildə Belçika üzərində əldə edib - 1:0.
İki dəfə dünya çempionu olan Uruqvay yığması (1930 və 1950) indiyədək 12 mundialda çıxış edib.
Qrup mərhələsinin üçüncü turunda Misir ilə Səudiyyə Ərəbistanı və Uruqvay ilə Rusiya qarşılaşacaqlar.