Ayrılığın üzü dönsün bu dünyadan…
29.07.2020
Aramızdan vaxtsız getmiş tələbə yoldaşımız Əmrah Fəqanoğlunun əziz xatirəsinə
"Heyif, çox heyif, anam məndən əvvəl tərk etdi dünyanı -düz on yeddi il bundan əvvəl. Çox istərdim ki, sağ olardı mən öləndə...
Əzizim, yaman ağlar,
Halıma yanan ağlar...
Mən ölsəm anam ağlar,
Yad ağlar, yalan ağlar...”
Gözün aydın, Əmrah, istəyinə çatdın gec də olsa. Nəhayət qovuşdun hər zaman həzin nəğməyə bənzətdiyin laylaları ilə ovunduğun anana, övladlarına olan məhəbbətini palıd əzəməti sanaraq yorulanda kürəyini söykədib hər zaman güc aldığın atana və onlardan daha əvvəl həyatla vidalaşan 17 yaşlı nakam qardaşına.
Son illər yazdığın paylaşımlarda yaşamağa olan həvəsini üstələyirdi doğmalarının nisgili. Geriyə baxdığımızda, son bir neçə il ərzində yazdığın statuslarını yenidən nəzərdən keçirərəkən əmin oldum buna.
"...Mənə görə isə, qəflətən ölüb-eləməsəm, bundan belə ömrümün üçdə biri qala, ya qalmaya... Kiminə görə, mənim tay-tuşlarım artıq həyata "qara mərmər”dən baxır, kiminə görə, yəqin ki, "meşədə mən yaşda ağac qalmayıb”, kiminə görə "hələ yaşanası illərim qarşıdadı”, xətrimi istəyən dostlara görə "nə yaxşı ki, varam”, övladlarım Aydan və Kənana görə "xarizmatik və cavan atayam”, ömür-gün yoldaşıma görə "ailənin dirəyiyəm” və sair...” Bəs nə oldu, "hələki Allahın verdiyi ömür payını yaşamağa davam...” deyirdin?
Bir az gec, bir az tez hamımızın sonu haqq dünyasıdır. Sən isə tələsdin. Tələsdin və onsuz da mənəvi sıxıntı çəkdiyimiz günlərdə həyata olan azacıq inamımızı bir az da tükətdin. Səni sevənlərin gözünü yaşlı, ürəyini yaralı qoyub getdin, qardaş. 51 yaş nədir ki, axı bu dünyada görəcəyin çox işlər vardı hələ. Ailəni, doğmalarını, dostlarını, qrup yoldaşlarını, kollektivini – səni sevənlərin hər birini yarı yolda buraxıb getdin. Səndən yaşca kiçik olsam da deyəcəyəm: - Ay insafsız!
Son ayların stresi içərisində, iyulun əvvəllərində vatsap qrupunda aldığım baba olmağın xəbərini eşidən kimi səs göndəırib təbrik etdim səni. Özümü bağışlaya bilmirəm, həmişə belə əlamətdar hadisələrlə bağlı telefonla zəng edərdim. Amma bu dəfə vatsapa səsə göndərməklə kifayətləndim. Bir də iyulun 18-I xəstəxanada olmağınla bağlı Kənanın İnstaqramdakı paylaşımına rast gələndə əvvəlcə inanmadım, sonra… Sonra qrup yoldaşlarımızın biri-birinə zəngləri, vatsap qrupundakı həyəcan və təəccüb dolu dialoqlar, mətbuatdakı xəbərlər və s. Səninlə bağlı yazılan hər sözdən, hər cümlədən bəlkə də səslə ifadə olunmayacaq qədər təlaş, həyəcan, təəssüf və ən əsası sənə olan dərin hörmət və sevgi saçırdı. Bir də dualarımız. O dualar axirət halalın olsun Əmrah! Yəqin alın yazın beləymiş.
Düz 30 il əvvəl tələbə ikən tanışlığımız başlamışdı. Tale elə gətirdi ki, 1992-ci ilin dekabrında hərbi xidmətə çağırıldım və həyatımın 10 ilini qulluğda qalmalı oldum. Bu səbəbdən jurnalistikadan və 6 il bir qrupda təhsil aldığım insanlardan uzaq düşdüm. 1996-cı ildən sonra səninlə 2012-ci ildə avtobusda təsadüfən qarşılaşdıq. Sevincinin həddi-hüdudu yoxdu. Hal-əhval tutuduq, tələbəlik illərimizdən, digər qrup yoldaşlarımızdan danışdıq, telefon nömrələrimizi bölüşdük. Məhz sənin sayəsində 17 ildən bəri görə bilmədiyim qrup yoldaşlarıma qovuşdum. Dəqiq yadımdadır, mənim də iştirak etdiyim ilk görüşümüz 2013-cü ilin mart ayında oldu. Və sonra vaxtaşırı görüşlər, xeyir-şər məclisləri.
Ehh Əmrah, bəlkə də bilmirdin, hər məclisimizə bir şuxluq, bir şən əhval qatırdın öz varlığınla, zarafatlarınla, bitib-tükənmək bilməyən xatirələrinlə. Heyif səndən, çox heyif, apardın hər şeyi özünlə. Yəqin ki, bundan sonra qrup uğaqları ilə bir yerə yığışanda əvvəlki kimi xoşbəxt ola bilməyəcəyik, bəzən yaşımız unudub etdiyimiz zarafatları bir daha edə bilməyəcəyik, bəlkə heç ürəkdən gülə də bilməyəcəyik Sənsiz.
Amma kədərlənmə, qardaş, çünki xoşbəxtsən. Ona görə ki, axirətini bu dünyada ikən qazana bilmisən - ənməllərinlə, öz peşəkarlığınla, işinə olan sevginlə, bir valideyn olaraq yetişdirdiyin gözəl övladlarınla, gülər üzünlə, təmiz qəlbinlə, Səni sevənlərin sonsuz sevgisi və duaları ilə, qəlblərimizdə tutduğun daimi yerinlə, bir də dünəndən bəri qurumaq bilməyən göz yaşlarımızla. Əmrah, gözəl qardaşımız, məkanın Cənnət olsun!
"Anamdan sonra qızmar günəş çıxmışdı, məni yandırıb yaxan , tüstümü təpəmdən çıxaran günəş... Atamdan sonra isə kəndimizə qar yağdı, şaxta iliyimə işləyib ürəyimi dondurdu. Ardınca da elə hey soyuq yağışlar yağır...” deyərdin. Səndən sonra biz nə deyək? Ayrılığın üzü dönsün bu dünyadan!
Səbuhi Orucov.
29 iyul 2020-ci il