21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ƏMRAHsız ilk gecəmiz

29.07.2020


Ötən səhərin ilk xəbəri zəhərli xəncər kimi sancıldı qəlbimə sanki...

Zənglər susmur... son 35 dəqiqədə cavablamadığım 42 zəng var. Nə olub, nə baş verib? – Rövşən Ramazanlı, Ədalət Avşar, Seyid Səməd, ağsaqqal Sübhan, Samir, Hacı İlqar, İlham, Sənan, Rasim... Bu nədir, ay Allah!!! Eşidəcəyim xəbəri duymaq istəmirmiş kimi ilk olaraq telefonun internetində özümü aldatmaq istədim. Alınmadı. Bütün saytlar, Facebook səhifələri, Instagram səhifələri doludur şəkillərilə, fikirlərlə... Ruhəngiz, Nərminə, Rövşən, Kəmalə, Vüqar, Sveta, Natella, Səburi, Sevinc, Ədalət, Gülparə, Gülnarə... bunlar nə yazır??? Allahım, nədir bu? Bu yaşda, bu vədədə, bu formada... tez deyilmi???

... Bütün uşaqların (qrup yoldaşları arasında bir-birimizə "uşaq” deyirik) səsi titrəyir... Rövşənin telefonun o başındakı "Düzdür?” suallı boğuq səsi, Ədalətin qarışıq formalı uğultulu ifadələri, Səmədin çaşqınlıq dolu sualları, Samirin susaraq dəqiqələrcə telefonda donması, İlqarın söz tapmayaraq uşaq kimi yarımçıq kəlmələri... ürək durunca unudulası anlar deyil.
Başımın hündür bir qayadan dığırlanan daş kimi - yamacdakı bütün daş-kəsəklərə, tikanlı ağaclara, çəngəlli kötüklərə dəyərək dərənin dibində qərar tutacağı anı, sakitləşəcəyini gözləyirəm. Telefondan duyduğum, anladığım isə yalnız ƏMRAH kəlməsidir. Vay, qardaşım, vay... Axı, sənin ölən vaxtın deyildi!
... 90-cı ilin sentyabrında tanış olmuşduq ƏMRAHla, BDU-nun Jurnalistika fakültəsinin tələbələri kimi – düz 30 il əvvəl. Sadə bir kənd uşağı - necə varsa, eləcə də görünən, səmimiliyi, dürüstlüyü, ədaləti və çılpaq təbiliyi ilə bugününə - 28 iyul 2020-ci il tarixinə addımlayan qrup yoldaşımız, dostumuz, sirdaşımız... ƏMRAHımız!

Elə bu səhər Seyid Səmədin söylədiyi kimi, hələ tələbəliyin ilk illərində repartyorluğa meyl edən ƏMRAHın çiynindən asanda az qala yerə dəyən ağır radio repartyor çantası gözümün önündən getmir. Çox az bir zaman içərisində uşaqların və müəllimlərin sevimlisinə çevrilən REPARTYOR, paralel olaraq həm də, qəzet yazarına çevrilir. İmzasıyla müxtılif janrlarda yazılar dərc edir, araşdırma məzmunlu məqalələrlə davamlı çıxışlar edir. Müxtəlif mətbu orqanlarında çalışan ƏMRAHımızın səsi bir aralar SOCAR-dan gəlir. DSMF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ... Və yenə özünün də dediyi kimi, doğma evi bildiyi son iş yeri -İTV. ƏMRAH İTV-yə dəvət aldığı elə ilk günlərdə sevinclə deyirdi ki, mən jurnalistəm, burada çox rahatam, elə bil özümü evimdə hiss edirəm, hər şey mənə doğmadı, sonunadək buradan ayrılmayacam. Ayrılmadı da!

... May ayının son günləriydi, yanılmıramsa. Maşınla İTV-nin qarşısından keçirəm. ƏMRAHı görüb saxlamamaq olarmı? "Düşmə maşından, pandemiyadır, elə pəncərədən biraz dərdləşək” özünəməxsus ifadəsiylə mənə maşından belə enməyə qıymadı sanki. "Nə var, nə yox” sualıma dərhal və böyük bir sevinclə "Baba olmuşam, adı da Süleymandır, Süleyman! İnşaAllah, bu zəhirmar pandemia qurtarsın, bütün qrup yığışarıq Sülüymanın şərəfinə, istəsəniz, lap Ağsu perevalına da gedə bilərik, bütün qrupla” cavabı bu gün səhərdən bu gecə saatlarınadak bəlkə yüz dəfə təkrarlanıb qulaqlarımda. Allah, bizə səbr ver, ƏMRAHsızlığa necə qəbullanaq?!

Ən mehriban qrup deyərdilər bizə. Çox mehriban və səmimi olmuşuq həmişə. Bir-birimizə uşaq deməyimiz də, çox yəqin, bir yerə yığışanda uşaqlaşmağımızdan irəli gəlir. Bu gün həyatımda ən uzun günlərdən biri olub bəlkə də. Bitmək bilmir, gecə də uzanıb gedir, saat ürəyimi çəkir. Günəş çıxsa, dünən deyib bu günə, bəlkə də, uzaqlaşa bilərik, amma fikir məni ƏMRAHlı günlərə sürükləyir yenə də... Sadə danışıq tərzi, durmadan yüksək səslə danışdığı səmimi həyat xatirələri, yarıciddi zarafatları, baməzə hərəkətləri, özünəməxsus gülüşləri... artıq heç zaman təkrarlanmayacaq. Elə mənin indi bu sətirləri yazarkən xatırladığım kimi bir xatirə olaraq heykəlləşəcək.

... Nələr keçmir göz önündən - tələbəlik illəri, qrup uşaqları ilə rayonlara səfərlər, Ağsuda məhz ƏMRAHın təşkil etdiyi qonaqlıq, çoxsaylı toylardakı çıxışlar, qrup tədbirləri, saysız əhvalatlar... hamısı bir xatirə! ƏMRAHlı günlərimiz bitdi! ƏMRAHlı anlarımız artıq xatirələrə çevrildi, bir daha ƏMRAHlı yeni bir anımız olmayacaq...

ƏMRAH haqqın dərgahına qovuşdu. Burada, bu fani dünyada bizləri – ailəsini, canı qədər sevdiyi Kənanını, göz bəbəyi sandığı qızını, ömür-gün yoldaşını, qohum, qardaş, bacını, hələ həyatda bir addım belə atmayan nəvəsini, dostlarını , qrupunu buraxaraq, tərk edərək ANAsına, ATAsına qovuşdu! Yerin rahat olsun, qardaş, məkanın CƏNNƏT olsun, ƏMRAH!

Bu sözlər sənin sənsizliyində bir ilkdir, sənin o dünyada bu gecən kimi. Sənin haqqında hələ çox sözlər yazılacaq, çünki sən SÖZ ADAMI olmusan. Sənin haqqında hələ çox xatirələr danışılacaq, çünki sən tarix yaratmısan. Sən hələ çox yaşayacaqsan, çünki həyatına davamçılar bəxş etmisən – bir oğul, bir qız! Onlar sənin davamındır!

Sən ƏMRAHsan, 30 il əvvəl tanıdığımız sadə, olduğu kimi görünən, yalnız özü olan ƏMRAH! Elə olduğun kimi də bu həyatı tərk etdin.

Sən, bizim ƏMRAHımızsan! Bu gecə sənin ilk gecəndir, sən rahat yat, biz yata bilməsək də!

Böyük kədər hissi ilə,
Bəxtiyar ƏZİZLİ.

29.07.2020
saat- 02:49