Əmlak vergisini hesablaya bilirsiniz?
24.07.2020
Xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən çox olan hissəsinin hər kvadratmetrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir.
Dövlət Vergi Xidməti xəbər verir ki, vergi dərəcəsi və əmsallar əmlakın yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Məsələn, Bakı şəhərinin Suraxanı rayonunda yerləşən binalar 9-cu zonaya aid edildiyindən onlara tətbiq olunan əmsal 0,85-ə bərabərdir. Bu halda həmin mənzil üçün əmlak vergisinin məbləği 12,88 manat olacaq:
(67,9 – 30) x 0,4 x 0,85 = 12,88 manat.
Bundan başqa, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Ona görə də təqaüdçülərin sözügedən mənzilə görə əmlak vergisi ödəmək öhdəliyi yaranmır.
Həmçinin yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların sahəsi 10.000 kvadratmetrədək olduqda, Vergi Məcəlləsinin 206.3-cü maddəsində qeyd olunan dərəcələrlə torpaq vergisi hesablanır.
Ayrılıqda bir neçə şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin (məsələn, bina evlərinin) altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi həmin şəxslərə məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.