Şagirdlərə ev tapşırığı verilməyəcək - TÜRKİYƏDƏ
20.06.2018
Bundan sonra heç bir müəllim şagirdlərə evdə işləməkləri üçün ev tapşırığı verə bilməyəcək.
"Dövran Media" "Anadolu Ajansı”na istinadən xəbər verir ki, bunu agentliyə açıqlamasında Türkiyənin təhsil naziri İsmət Yılmaz bildirib.
"Bundan sonra heç bir müəllimimiz şagirdlərə evdə işləməyi üçün ev tapşırığı verməyəcək. Şagirdlərimizin diqqətlərini daha çox dərsə kökləmələrini və mövzunu dərsdə öyrənmələrini istəyirik. Uşaqlarımızın da evə getdiyində məktəbdə öyrəndiklərini təkrarlayacağına inanırıq. Onsuz da indi əzbərdən çıxmışıq. Artıq bundan sonra əzbər olmayacaq, köhnə təhsil metodları təkrarlanmayacaq. Məktəbdə öyrəndiklərini həyatda istifadə edə bilmək bacarıqlarını inkişaf etdirmələrini istəyirik. İstəyirik ki, öyrəndiklərinin həyatda bir qarşılığı olduğunu görsünlər. Gələcək üçün övladlarımıza zamana və həyata uyğun bir təhsil sistemi verəcəyik. Gələcək tədris ilindən sonra şagirdlərimizə heç bir ev tapşırığı verilməyəcək " – Yılmaz bildirib.
Nazir tam gün dərs sistemində olan şagirdlər üçün günorta yeməyinin nazirlik tərəfindən verildiyini də qeyd edib.
O həmçinin bildirib ki, məktəblərdə günorta yeməklərinin verilməsi prosesi pilləli olaraq bütün məktəblərə tətbiq ediləcək.
Yılmaz bufetlərdə satılacaq məhsulların Səhiyyə Nazirliyindən alınan siyahı ilə tənzimlənəcəyinə də diqqət çəkib.
O məktəblərdə sağlam qidalanmaya xüsusi diqqət göstəriləcəyini də ifadə edib.