Erməni hücumlarına cavab bu cür olmalıdır – Mehdiyev
24.07.2020
Hazırda eskalasiyanı artırmaq bizim xeyrimizə olmaya bilər, çünki xarici ölkələrdə ermənilər daha çox kriminal qruplaşmalara daxil olurlar. Dinc aksiyalara mümkün qədər türk və ya digər bizə yaxın icmalarla birlikdə getmək lazımdır.
Bunu açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev xaricdə yaşayan azərbaycanlılara qarşı ermənilərin qruplar və ya kütlə halında hücum edib, döyməsi haqda danışarkən deyib.
O bildirib ki, ermənilərlə mübarizədə ən yaxşı yol hüquqi müstəvidə onları məsuliyyətə cəlb etməkdir:
"Bu gün bir çox ölkədə vətəndaşlarımıza qarşı ermənilər tərəfindən zorakılıq edilir. Təəssüf ki, hər bir ölkədə sayımız bərabər deyil. Misal üçün Rusiya Federasiyasında ermənilər bizə qarşı hansısa bir eskalasiya edib, nəyəsə nail ola bilməyəcəklər. Çünki Rusiyada azərbaycanlılarla digər icmalar arasında sıx bağlar, münasibətlər var. Yəni başda çeçen icması olmaqla, digər icmalarla azərbaycanlılar ermənilərə lazımınca cavab verə biləcək. Lakin Avropa ölkələrində məsələni sırf hüquqi nöqteyi-nəzərdən həll etmək lazımdır. Çünki Avropanın özündə erməni kriminal qruplaşmaları çoxdur. Bunu deməyimin əsas səbəbi hazırda sosial şəbəkələrdə "ermənilərin etdiyi vəhşiliklərə eyniliklə cavab vermək lazımdır” çağırışlarının edilməsidir. Düşünürəm, bu işi hüquqi müstəvidə həll etmək lazımdır. Xüsusilə ABŞ-da erməni icması çox mütəşəkkildir. Mümkün olduqca bu ölkələrdəki aksiyalara digər icmalarla, xüsusilə də türk icması ilə birgə qatılmaq lazımdır”.
F.Mehdiyevin sözlərinə görə, ermənilərin xarici ölkələrdəki səfirliklərimizə və konsulluqlarımıza girmə cəhdi Vyana Konvensiyasının pozulmasıdır:
"Bəzi ölkələrdə ermənilərin etiraz aksiyası zamanı Azərbaycan səfirliyinə və konsulluq binalarına girmək cəhdləri olub. Ümumiyyətlə, diplomatik səfirliyi qəbul edən hər bir dövlət Vyana Konvensiyasına görə həmin səfirlik və konsulluğun təhlükəsizliyini qorumağa məcburdur”.