Çin ABŞ-dan tələb edib
24.07.2020
Çinin Xarici İşlər Nazirliyi rəsmi Pekinin Birləşmiş Ştatların Çendu şəhərindəki baş konsulluğunun bağlanmasına dair qərarı barədə ABŞ-ın Pekindəki səfirliyini məlumatlandırıb.
Nazirliyin məsələ ilə əlaqədar bəyanatında xəbər verilir ki, Çin XİN Birləşmiş Ştatların Çendudakı diplomatik missiyasının bütün əməliyyatlarının və tədbirlərinin dayandırmasına dair xüsusi tələblər də müəyyən edib.
Çin tərəfinin bu addımı Birləşmiş Ştatların Çinin Hyuston şəhərindəki baş konsulluğunun bağlanması barədə qərarına cavabdır. Pekin hesab edir ki, ABŞ həmin qərarla beynəlxalq hüququ, beynəlxalq münasibətləri tənzimləyən əsas normaları kobud şəkildə pozaraq, Çin-ABŞ əlaqələrinə böyük zərər yetirib.
XİN-in bəyanatında deyilir ki, Çinin qəbul etdiyi qərar Vaşinqtonun ədalətsiz addımına cavab olaraq legitim və lazımi cavabdır. Bu, beynəlxalq hüquqa, beynəlxalq münasibətlərin əsas normalarına və adi diplomatik təcrübəyə uyğundur.
Bəyanatda bildirilir ki, Çin-ABŞ münasibətlərində mövcud vəziyyət Çinin görmək istədiyi hal deyil və Birləşmiş Ştatlar bütün bunlara görə məsuliyyət daşıyır. Çin tərəfi Vaşinqtonu bir daha öz yanlış qərarından dərhal imtina etməyə və ikitərəfli münasibətlərin normal məcraya qayıtması üçün lazımi şərait yaratmağa çağırıb.
Qeyd edək ki, iyulun 21-də ABŞ Çindən Hyustondakı baş konsulluğunu bağlamağı tələb edib. Vaşinqton öz vətəndaşlarının intellektual mülkiyyətini və şəxsi məlumatlarını qorumaq üçün belə qərar qəbul etdiyini açıqlayıb.