Ankarada Azərbaycana dəstək mitinqi
23.07.2020
Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətinə son qoymalı, işğal altındakı Azərbaycan torpaqları azad edilməli, qaçqın və məcburi köçkün azərbaycanlılar öz yurdlarına qayıtmalıdırlar.
Bu fikirlər Ankaranın Keçiörən bələdiyyəsi tərəfindən "Can Azərbaycan! Bir millət, iki dövlətik. Azərbaycan türk ordusunun əsgərləriyik!” şüarı ilə təşkil olunan mitinqdə ifadə olunub.
İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində həyata keçirdiyi növbəti hücum cəhdinə etiraz və Azərbaycanın haqq işinə dəstək mitinqi paytaxt Ankarada yüzlərlə Azərbaycansevəri bir araya gətirib.
Mitinq şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Əvvəlcə məlumat verilib ki, Türkiyədə fəaliyyət göstərən AKP, CHP, MHP, İYİ Partiyasının Keçiörən rayon təşkilatları, o cümlədən bir sıra QHT-lər mitinqdə həmrəylik nümayiş etdiriblər. Vurğulanıb ki, Ermənistanın işğalçı və terrorçu fəaliyyətinə son qoyulması Türkiyə ictimaiyyətinin qəti tələbidir. Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olmaqda davam edəcək.
Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok, bu rayonun icra başçısı Uğur Bulut, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxışlarında ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamını xatırladaraq diqqətə çatdırıblar ki, Türkiyə və Azərbaycan bir bədəndə iki candır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini ən kəskin ifadələrlə ittiham edən çıxışçılar vurğulayıblar ki, mənfur hədəf sadəcə Azərbaycana qarşı işğalçılıq siyasəti deyil, Azərbaycan və Türkiyə dövlətləridir.
Azərbaycan üçün canından keçməyə hazır olduğunu ifadə edən bələdiyyə sədri Turqut Altınok bildirib ki, hər bir türkiyəli gənc Azərbaycanın ərazi bütövlüyünün bərpası mübarizəsində özünü müzəffər əsgər saymalıdır. Ermənistan heç vaxt və heç bir halda Azərbaycana qarşı işğalçılıq həyata keçirmək gücündə olmayıb. Bu terrorçu dövlətin havadarları anlamalıdırlar ki, indiki zamanın öz şərtləri və imkanları var.
Məlum son hadisələrdə Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında bütün Türkiyənin Azərbaycana verdiyi dəstəkdən məmnunluğunu və qardaş ölkəyə səmimi minnətdarlığını ifadə edən səfir Xəzər İbrahim diqqətə çatdırıb ki, Azərbaycan tarixin bütün dövrlərində olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə, hər bir fürsətdə Türkiyənin mənafelərini müdafiə edir və bunu qardaşlıq borcu sayır.
Ermənistanın Türkiyəyə qarşı əsassız ərazi və saxta "erməni soyqırımı” iddiasını xatırladan Şamil Ayrım vurğulayıb ki, işğalçı tərəf bədnam niyyətindən əl çəkməsə bunun bədəli ağır olacaq və bölgədəki bütün məsuliyyət onun üzərində düşür. Ermənistan tərəfi Azərbaycana qarşı həyata keçirdiyi işğal faktını indiki vəziyyətdə qorumaq istəyirsə, qarşısında Türkiyəni görəcək.
Azərbaycan və Türkiyə qardaşlığının tarixi köklərə bağlılığından bəhs edən icra başçısı Uğur Bulut vurğulayıb ki, təcavüzkar tərəf anlamalıdır ki, bəd niyyətlərindən əl çəkməsə yenə də Nuru Paşa, Kazım Qarabəkir kimi cəsur türk övladlarını qarşısında görəcək.
Çıxışçılar Azərbaycan həqiqətlərinə, o cümlədən Xocalı soyqırımına aid davamlı tədbirlər təşkil etdiyinə görə Keçiörən bələdiyyə sədri Turqut Altınoka səmimi minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib. Əminliklə ifadə olunub ki, xalqlarımız qəhrəman şəhid və qazi övladlarının adını hər zaman uca tutacaq.
Çıxışlarda diqqətə çatdırılıb ki, sosial böhran içərisində çabalayan və öz əhalisinin sadə problemlərini həll edə bilməyən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, o cümlədən Azərbaycanın Tovuz rayonu istiqamətində yeni hücum cəhdi təcavüzkar dövlətin həddini aşması deməkdir. Diqqətə çatdırılıb ki, XX əsr boyunca dəfələrlə Azərbaycana qarşı soyqırımı, deportasiya və işğalçılıq əməlləri törədən Ermənistan bütün bu cinayətləri müasir dünyanın gözü qarşısında davam etdirir. Bütün bunların səbəbi dünyadakı ikili standartlar və Ermənistanın cəzasızlığıdır. Ona görə də Azərbaycan və Türkiyə öz güclərinə güvənərək birlikdə, çiyin-çiyinə öz yoluna davam edəcəklər. Artıq 1990-ci illər çox arxada qalıb. Azərbaycan müstəqil, Türkiyə ilə strateji müttəfiq olan dövlətdir. Bu müttəfiqliyin təməlində qardaşlıq dayanır.