Düşmən tərəfindən dağılan ev və obyektlər müəyyənləşdi
23.07.2020
Ermənistan ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iri çaplı silahlardan və ağır artilleriya qurğularından açdığı atəş nəticəsində dağılan və yararsız hala düşən evlər, həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında ölkə Prezidentinin imzaladığı Sərəncamın icrası istiqamətində aidiyyəti nazirliklər işçi qrupu yaradıb.
AZƏRTAC xəbər verir ki, az bir müddətdə düşmən təxribatı nəticəsində zərər görmüş rayonun 6 kəndində - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlüdə olan işçi qrupun ekspert və mütəxəssisləri 61 evə baxış keçirib və qiymətləndirmə aparıb.
İyulun 21-dən işçi qrup Tovuz rayonunun adıçəkilən yaşayış məntəqələrində olub və fərdi evlərə, sosial obyektlərə baxış keçirib. İşçi qrupun üzvü Elvin Həsənov qeyd edib ki, vəziyyətlə bilavasitə yerində tanış olmaq üçün zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək.
Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq.
Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
Baş vermiş fəsadların aradan qaldırılması ilə əlaqədar yerlərdə araşdırma işlərinin yekunlaşdığını söyləyən işçi qrupun üzvü Mübariz Məmmədov deyib: "Dəymiş ziyanın qiymətləndirilməsi işləri davam etdirilir. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb”.
Bildirilib ki, dövlətimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.