Oturub-durma hərəkətinin faydası
22.01.2018
Fiziki hərəkətlər sağlam həyat tərzinin ayrılmaz hissəsidir və bəzən hamıya məlum olan ən adi hərəkətlər çox böyük fayda gətirir. Oturub-durma da belə hərəkətlərdəndir. Bodibildinq və pauerliftinqdə, xoreoqrafiya və müalicəvi bədən tərbiyəsində oturub-durma hərəkəti mühüm əhəmiyyət kəsb edir.
Oturub-durma zamanı ayaqdakı və onurğa ətrafındakı bütün əzələlər, baldır, bud və bel əzələləri, dizaltı vətərlər gərgin işləyir, hətta qarın nahiyəsinin aşağı əzələlərinə də müəyyən qədər yük düşür. Bununla belə, oturub-durma hərəkətinə münasibət heç də həmişə birmənalı olmayıb. Hətta həmin hərəkətin diz əzələlərinə mənfi təsir etdiyi, vətərlərinin dartılmasına və qırılmasına, dizin taqətdən düşməsinə və ağrımasına səbəb olduğu barədə ehtimallar səsləndirilib. Vaxtilə Amerika ordusunda oturub-durma fiziki hərəkətlər siyahısından çıxarılıb. Lakin XX əsrin sonlarında aparılan tədqiqatlar oturub-durmanın təhlükəsiz və faydalı hərəkət olduğunu təsdiqləyib.
Oturub-durma hərəkəti rəvan, yumşaq, sıçrayışsız, tələsmədən, dartınmadan yerinə yetirilməli və ağrı əmələ gətirməməlidir. Ağrı hiss ediləndə hərəkəti dayandırmaq və dincəlmək lazımdır. Buna görə də birdəfəyə çox oturub-durmaq məsləhət görülmür. Ən yaxşısı, həmin hərəkəti hərəsində 10 oturub-durma olmaqla 3 dəfəyə yerinə yetirməkdir.
Oturub-durma zamanı ayağın altı tam döşəmənin üstündə olmalıdır, pəncə və daban üstə dayanmaq müvazinəti itirilmək və yıxılmaqla nəticələnər. Hər səhər qaydalara uyğun olaraq oturub-durma hərəkətini yerinə yetirməklə gün ərzində özünü gümrah hiss etmək olar.