Türkiyədən TƏKLİF Bakı-Ankara hərbi sazişləri...
21.07.2020
Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalının Azərbaycanla hərbi müqavilələrin yenilənməsi haqda təklifi yerində və düzgün qərardır. Bu gün münasibətlərin hərbi ittifaq səviyyəsinə qaldırılması regionun siyasi proseslərinə də ciddi təsir edəcək. Ermənistan havadarlarına arxalansa belə, heç bir halda Türkiyəni qarşısına almağa cürət etməyəcək.
Bu sözləri açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalının Azərbaycanla hərbi müqavilələrin yenilənməsi haqda sözlərini şərh edərkən deyib.
Politoloq xatırladıb ki, Ermənistan 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır:
"Son Tovuz hadisələri bir daha onu göstərdi ki, işğalçı heç bir kompramisə getmək niyyətində deyil. Məhz Tovuz hadisələri fonunda Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın bu təklifi irəli sürdü. Əslində, bu, yeni xəbər deyil. Çünki Türkiyə uzun illərdir bu yöndə təkliflər irəli sürür. Lakin bununla belə, "bu gün belə bir müqaviləyə ehtiyacımız varmı” sualını özümüzə verməliyik.
Düşünürəm, bəli, bu gün Türkiyə ilə münasibətləri rəsmi qaydada hərbi ittifaq səviyyəsinə qaldırmalı, əməkdaşlığımızı inkişaf etdirməliyik”.
Politoloqun sözlərinə görə, Türkiyə ilə bu cür əməkdaşlığın bir sıra üstünlükləri olacaq:
"Birincisi, bu yolla Türkiyəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb edə, hətta həmsədr missiyası aparmasını da təklif edə bilərik.
İkincisi, Ermənistanın vaxtaşırı Rusiyaya arxalanıb atəşkəsi pozması, hətta münaqişəni son Tovuz hadisələri zamanı olduğu kimi, Ermənistan-Azərbaycan dövlət sərhədinə çəkmək cəhdlərinin qarşısını ala bilərik.
Üçünücüsü, Azərbaycan Türkiyə kimi güvənilir, sözünü deyən və həyata keçirən müttəfiqlə daha rahat xarici siyasət apara, region üçün faydalı ola bilər”.
Politoloq deyib ki, Türkiyənin Azərbaycan ərazisində hərbi bazalar yaratmaq mövzusu yenidən gündəmə gətirilə bilər:
"Bu gün Ermənistanda Rusiyanın hərbi bazaları var. Bu hərbi bazalar yeri gəldikdə Ermənistanın ərazi bütövlüyünü də qorumağa xidmət edir. Düşünürəm ki, bənzər bir müqavilə də biz bağlamalıyıq. Ən azından Naxçıvan ərazisində Türkiyə hərbi bazasının yaradılması təklifini yenidən gündəmə gətirmək lazımdır. Bu gün belə bir ideyanın hüquqi bazası da var”.