Arvadını öldürən şəxs tutuldu- RƏSMİ
20.07.2020
İyulun 19-da saat 21 radələrində Ağdaş rayonu Nehrəxəlil kəndi ərazisində, 1995-ci il təvəllüdlü Nuranə Sətdarovanın öldürülməsi barədə məlumat daxil olub.
Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla 1988-ci il təvəllüdlü Tural Sətdarovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Sətdarovaya bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Tural Sətdarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.