Rusiya niyə Qafqaz ordusunu ayağa qaldırdı?
20.07.2020
Rusiya Federasiyasının "Qafqaz 2020” hərbi təlimləri bizi qətiyyən narahat etməməlidir. İstənilən ölkə öz ərazisində hərbi təlimlər keçirə bilər və bu, onların daxili məsələsidir.
Bu sözləri açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Rusiya Federasiyasının "Qafqaz 2020” hərbi təlimlər keçirməsini şərh edərkən deyib. O bildirib ki, "Qafqaz 2020” təlimlərini fərqli istiqamətdə yozmaq doğru deyil:
"Rusiyanın "Qafqaz 2020” təlimlərini keçirəcəyini bildirməsi təəssüf ki, bəzən siyasi mənada şərh edilir. Hər bir ölkə ordusunu təkmilləşdirmək və mövcud vəziyyətini yoxlamaq üçün vaxtaşırı belə təlimlər keçirir. Yəni burda qeyri-adi bir şey yoxdur. Bu gün Azərbaycanla Rusiya arasında çoxtərəfli əlaqələr var. Xüsusilə hərbi sahədə Azərbaycan Rusiyanın ən etibarlı tərəfdaşlarındandır. Bu gün azərbaycanlı zabit, hərbçi heyəti Rusiyada təlimlər, dərslər keçir. Yəni bu reallıqlar çərçivəsində hər hansı bir narahatlıq boş və mənasızdır”.
Polkovnik qeyd edib ki, "Qafqaz 2020” təlimlərini yaxından izləyib, Ordumuz üçün faydalı məlumatlar əldə etmək olar:
"Düşünürəm, "Qafqaz 2020” təlimlərini yaxından izləmək lazımdır. Sırf hərbi nöqteyi-nəzərdən Ordumuzun bu təlimlərdən öyrənə biləcəyi faydalı məlumatlar çoxdur”.
Qeyd edək ki, Rusiya Federasiyasının "Qafqaz 2020” hərbi təlimlərində 120 min hərbçi, 500 tank, 300 təyyarə, 250 helikopter, 50 gəmi və 5 sualtı qayıq iştirak edəcək.