Rusiya və Aİ vəziyyəti müzakirə ediblər
17.07.2020
Rusiya və Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyəti müzakirə ediblər.
AZƏRTAC Rusiya XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, iyulun 17-də Avropa İttifaqı tərəfinin təşəbbüsü ilə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Beynəlxalq Cenevrə diskussiyalarında Avropa İttifaqı tərəfdən həmsədr, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toqvo Klaarla telefon danışığı olub.
"Son hadisələr fonunda Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi müzakirə edilib. Vurğulanıb ki, münaqişə tərəfləri maksimum təmkin nümayiş etdirməli, vəziyyətin daha da mürəkkəbləşməsinə aparan hərəkətlərdən və bəyanatlardan imtina etməli, həmçinin atəşkəs rejiminə riayət edilməsi üzrə öhdəliklərini yerinə yetirilməlidirlər”, - deyə məlumatda bildirilir.
Tərəflər Gürcüstan-Cənubi Osetiya sərhədyanı bölgədə işlərin cari vəziyyətini də nəzərdən keçiriblər.