Güclü yağış nəticəsində Qudyalçay, Qaraçay, Ağçay, Vəlvələçay və Cağacıq çaylarında yaranan sel Quba rayonunda bir sıra fəsadlar törədib.
Sel suları Buduq, Dalıqaya, Söhüb, Çiçi, Bostankeş, Qalaxudat, Xaltan, Yerfi, Xanəgah və başqa kəndlərdə yaşayış evlərinə, fərdi təsərrüfatlara və yol infrastrukturuna ciddi ziyan vurub.
Xanəgah kəndində Cağacıq çayı üzərindəki yeni avtomobil körpüsü selin təsirindən yararsız vəziyyətə düşüb. Bundan başqa, Qaraçay üzərində Birinci və İkinci Nügədi kəndləri arasındakı körpüdə də qəzalı vəziyyət yaranıb. Sel bəzi kəndlərdə iribuynuzlu heyvanları, arı yeşiklərini, ot tayalarını aparıb, istirahət mərkəzlərinin ərazilərini su basıb.
Kənd sakinləri sonuncu dəfə belə güclü seli 1967-ci ildə müşahidə etdiklərini söyləyiblər.
Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri selin ziyan vurduğu ərazilərə baxış keçiriblər. Fəsadların aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verilib.