21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistan vətəndaşı Naxçıvana keçib

15.07.2020

Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib. Hərbiçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.

Narek Sardaryanın etiraflarını təqdim edirik:

- Mən, Sardaryan Narek Suren oğlu 1990-cı il oktyabrın 18-də doğulmuşam, Syunik rayonunun Aşağı Xndzoresk kənd sakiniyəm, 2014-cü ildə ailə həyatı qurmuşam, 2 övladım var, heyvandarlıq və əkinçiliklə məşğul oluram.

- Sərhədi nə üçün keçmişdiniz, məqsədiniz nə idi?

- Sərhədi əvvəllər də keçmək istəmişəm, amma imkanım olmayıb, Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olanda bu imkanı əldə etdim. Çünki Ermənistanda zorakılıqlar, ədalətsizliklər var, mən çox məmurlara, hakimiyyət nümayəndələrinə müraciət etmişəm, lakin kömək etməyiblər. Ona görə Azərbaycan sərhədini keçmişəm. Azərbaycan tərəfdən kömək istəyirəm. Sərhəddə əsgərlər mənə yaxşı münasibət göstərdilər, atəş açmadılar.

- Sərhədi necə keçdiniz?

- Heyvanları otara-otara Azərbaycan postuna doğru yaxınlaşdım, hərbiçilər məni vurmasın deyə ağ paltarımı çıxarıb havada yellədim və hərbiçilər məni saxladılar.

- Ermənistanda sizə qarşı hansı haqsızlıqlar olub?

- Mənə qarşı çox haqsızlıqlar olub. Kənd icra nümayəndəsi torpaq vergisi ilə yanaşı, hər heyvan başına 20 min dram pul istəyir. Əslində 2 min dram verməliyik, bizdən rüşvət olaraq zorla artıq pul alırlar. Heyvan satmaq istədikdə sahə müvəkkili Andranik gələrək onun üçün haqq istəyir. Əks təqdirdə şər ataraq məni həbs edəcəyi ilə hədələyir.

- Naxçıvanla sərhəddə yerləşən Qorayk kəndinin otlaq sahələrinə heyvanları nə üçün gətirmişdiniz?

- Gorusda otlaq sahəsi yox idi, Qoraykda isə 200 hektar otlaq sahəsi üçün məndən 1000 dollar rüşvət aldılar. Sisyan icra orqanına da otlaq sahələrindən istifadə üçün 1000 dollar pul vermişəm.

- Ermənistandakı vəziyyət barədə nə deyə bilərsiniz?

- Ermənistanda vəziyyət çox pisdir, demək olar ki, heç bir iş yoxdur, rüşvətxorluq və ədalətsizlik baş alıb gedir. Polisdə rüşvətxorluq çoxdur, əhalinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Syunik vilayəti ərazisindəki otlaq sahələrində Gorusun yol polisinin rəisi Sevak və hərbi komissar Armen səlahiyyətlərindən istifadə edib bütün əlverişli torpaqları zəbt ediblər və bizlərə orada heyvandarlıqla məşğul olmağa imkan vermirlər, həmin əraziyə digər yerli sakinləri buraxmırlar.

- Ermənistan ordusunda ümumi vəziyyət necədir?

- Ermənistan ordusunda vəziyyət çox pisdir, heç kim bir-birini qəbul etmir, intizamsızlıq var, bir-birlərinə tabe olmurlar, narkotikdən geniş istifadə edilir. Orduda hərbiçilərin narkotik yetişdirib satmasına göz yumulur. Ümumiyyətlə, orada polis narkotikdən istifadə edənlərə qarşı heç bir tədbir görmür. Ayrı-ayrı ərazilərdə tiryək və narkotik yetişdirilir, polis zəifdir, mübarizə apara bilmir.

- Sizin xidmət keçdiyiniz hərbi hissələrdə hansı qanunsuzluqlar mövcud idi?

- Mən Sərhəd Qoşunlarının Vanadzordakı 5060 və Zəngilan rayonunun Kaşatağ bölgəsindəki 5070 saylı hərbi hissələrində xidmət keçmişəm. 2019-cu ildə Qubadlı rayonunda səfərbərlik toplantısında iştirak etmişəm. Ermənistan ordusunda hərc-mərclik, intizamsızlıq və rüşvətxorluq baş alıb gedir. Səfərbərlik toplantısında 700 nəfərin iştirakı nəzərdə tutulsa da, heç 200 nəfər iştirak etmirdi.

- Siz həyatınızın bundan sonrakı hissəsini necə görürsünüz?

- Xahiş edirəm ki, burada mənə vətəndaşlıq verilsin, Ermənistana geri qaytarılmayım, oradan bezmişəm, orada insanları çox incidirlər. Olmasa belə xahişim budur ki, məni üçüncü bir dövlətə təhvil versinlər.