03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ev şəraitində müalicə alanların nəzərinə

15.07.2020


COVID-19 yoluxan xəstələrin öz evlərində sahə həkimin nəzarəti altında müalicə alan zaman, ilk növbədə, ayrıca bir otaqda izolyasiya olunmaqları məsləhət görülür. Belə şərait olmadığı halda xəstənin yatağı digərlərdən ən azı 2 metr məsafədə olması məqsədəuyğundur.

Səhiyyə Nazirliyin mətbuat xidməti xəbər verir ki, bu barədə ölkədə COVID-19 virusunun geniş yayılmasının qarşısını almaq məqsədilə nazirliyin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova koronavirusa yoluxmuş yüngül simptomlu və simptomsuz vətəndaşlara ev şəraitində müalicə alarkən ailə üzvləri ilə davranış üçün tövsiyə olunan qaydalar haqda verdiyi onlayn müsahibə zamanı deyib.

Nailə Daşdəmirova bildirib ki, xəstə və onunla eyni evdə qalan bütün şəxslər tibbi maska və qoruyucu vasitələrdən istifadə etməklə özləri və ətrafdakıları virusa yoluxmadan qorunmuş olurlar: "Tövsiyə olunur ki, tibbi maska hər iki saatdan bir dəyişdirilməli və COVID-19-a yoluxmuş pasiyent yaşayış yerini tərk etmədən, 21 günlük karantinə riayət etməlidir”.

Bununla yanaşı, bu müddət ərzində koronavirusa yoluxmuş xəstə qohum və yaxınların vasitəsilə ərzaq və ya lazımi dərmanları market və aptekdən əldə edə bilər. Bu mümkün olmadığı təqdirdə, bütün lazım olan məhsulları onlayn sifariş etmək də mümkündür".

Onlayn müsahibədə, həmçinin yüngül simptomlu və ya simptomsuz xəstələr üçün yeməyin hazırlanması zamanı riayət ediləcək gigiyenik qaydalar haqqında da bəhs olundu: "İmmuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür. İnfeksiyaya yoluxmuş şəxsin yeməyini otağına daxil olmadan vermək daha təhlükəsiz olar. Təbii ki, öz evində müalicə alan pasiyent yeməkdən əvvəl və sonra əllərini sabunla yumalıdır".

Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü xəstənin şəxsi gigiyena vasitələri və yemək qablarının ayrı saxlanılmalı olduğunu bildirib. İnfeksiyaya yoluxmuş vətəndaş hansısa səbəbdən qaldığı otağı tərk etdiyi təqdirdə, onun toxunduğu bütün əşyalar mütləq dezinfeksiya olunmalıdır. COVID-19 viruslu xəstənin yaşadığı ev xlor tərkibli mayələr ilə təmizlənməli, xəstənin paltarları isə ayrıca 60-90 dərəcədə yuyulmalı, otaqlar tez-tez havalandırılmalıdır. Simptomsuz və ya yüngül simptomlu xəstələrə, onlarla eyni evdə yaşayanlara bol vitaminli meyvələr yemək tövsiyə olunur. Sahə həkimi gündə 2 dəfə COVID-19 testi pozitiv nəticə vermiş vətəndaşlar və onların ailə üzvləri ilə əlaqə yaradıb, onları nəzarət altında saxlayır. Buna görə də, pasiyent və yaxınlarına həkimin xəbəri olmadan hər hansı tibbi preparatı qəbul edib, özünümüalicə ilə məşğul olmaq tövsiyə olunmur".

Nailə Daşdəmirova COVID-19 viruslu xəstələrə və onlarla birlikdə yaşayan yaxınlarına ev şəraitində aktiv qalmağı, idmanla məşğul olmağı, stresdən uzaq qalaraq, pozitivliyə köklənməyi məsləhət görüb: "Karantin müddəti ərzində özünüzü və yaxınlarınızı qorumağa çalışın və bütün qaydalara riayət edin. Unutmayın ki, sizin məsuliyyətiniz hamımızın sağlamlığıdır”.