Biri güllərin qoxusunu bilmir,
Digəri acı otlardan bal yaradar.
Birinə çörək versən, əbədi xatırlar.
Digərinə ömrünü ver, anlamaz.
Ömər Xəyyam.
Erix Froma görəsevgi növlərindən biri də "qardaşlıq” sevgisidir. Bunun təməlində insanın insana olan sevgisi dayanır. İnsanın insana yani bu, sənin yalnız öz valideyn, övlad, yoldaş, qohum və dostlarına deyil, bütün bəşəriyyətə olan sevgindir. Sözdə deyirlərkən asan, lakin əməl edərkən çətin bir şeydir. Heç bir qan qohumluğu olmadan, heç bir ünsiyyət və münasibətin olmadanvə hətta bəzən səndən kəskin fərqlənən birini sevmək insana çətin gələ bilər. Məhz bu sevgidən doğulan anlayış qardaşlıqdır. Bəlkə də demək olar ki, bu anlayış türk ölkələrində daha geniş yayılmışdır. Bizlər hər zaman qonşunun vəziyyəti ilə maraqlanmış və yeri gəldiyində tikəmizi onlarla bölmüş millət olmuşuq. Son illərdə bir çox böyüklərdən "Artıq əvvəlki qonşuluq qalmayıb.” sözlərini eşitsək də, digər millətlərlə müqayisədə bu adətin bizdə qaldığını görmək olar. Hətta indiki zamanda, insanların daha çətin vəziyyətdə yaşadığı dövrdə bunun sübutlarını istər açıq, istər gizli formada olsun görürürük. Əvvəldə dedik ki, bu sevginin bir növüdür, lakin əfsuslar olsun ki, bu sevgi hamıda yoxdur, bəlkə də olması mümkün deyil. Çünki digərlərinə sevgi məhz özünə olan sevgidən başlayır. Özünü sevən insan, özünə dəyər verən insan bütün insanlığa dəyər verir və sevir. Nə qədər də, "indiki zaman başqadır, texnologiya insanlığa çox təsir edir” kimi fikirlər olsa da, məncə insanlıq və insanlığa sevgi belə səbəblərlə ölə biləcək ünsür deyil. Axı ətrafımızda həqiqətən bu sevgi ilə dolu insanlar var. Onlar ki, digər dünyadan gəlməyiblər, elə bizim millətdən olan analar və atalar tərəfindən böyüdülüblər. Düşünürəm ki, belə qığılcımlar qardaşlığı ayaqda saxlaya və ümidli olmağa səbəb ola bilər.
Şəhla Zeynallı,
psixoloq.