Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.
Dövran Media Report-a istinadla xəbər verir ki, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxalq dəstənin üzvləri müəyyən edilib.
"Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq niyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib. Kriminal dəstənin 10 nəfər üzvü olub. Onlar süni şəkildə münaqişə yaradaraq sahibkarlardan külli miqdarda pul tələb ediblər və ödəmədikləri təqdirdə sahibkarları zorakılıqla hədələyiblər. Məlum olub ki, dəstə üzvlərini Ukrayna tərəfindən axtarışda olan "Lotu Quli" ləqəbli şəxs idarə edir. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin yaşadıqları yerdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb", - məlumatda bildirilib.