Ağdərə rayonunun işğalından 27 il ötür
07.07.2020
Ağdərə rayonu 1993-cü il iyulun 7-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində və sonrakı illərdə Azərbaycan xalqına məxsus mədəni irs talan edilib, saxtalaşdırılıb və infrastruktur dağıdılıb.
Məlumat üçün bildirək ki, bu rayon 8 avqust 1930-cu ildə təşkil edilib. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb.
İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1989-cu ildə SSRİ tərəfindən aparılmış siyahıyaalınmaya görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Ərazidə zəngin daş kömür, əhəngdaşı, qızıl və mis, qurğuşun, sink yataqları, habelə Tərtər çayı üzərində Sərsəng su elektrik stansiyası var.
Ağdərənin 75059 min hektar ərazisi (rayonun ərazisinin 44 faizi) nadir və qiymətli ağac növləri olmaqla meşə massivləri ilə örtülü idi.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli qərarına əsasən, Ağdərə rayonu ləğv edilmiş, ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölüşdürülmüşdü. Həmin qərara əsasən, Ağdərə rayonunun 8 kəndi Ağdam rayonunun, 23 kəndi Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdi.
Qeyd edək ki, hazırda Ağdərənin Tərtərə aid kiçik bir hissəsi Azərbaycanın nəzarətindədir. Ağdərə şəhəri də daxil olmaqla, ərazilərin çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğalda saxlanılır.