Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.
"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.
Yanğın təxminən 10-dan artıq dükanda qeydə alınıb.
***
Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi də tikinti materiallarının satışı bazarında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, 19 iyun tarixində Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb.
Nazirlik əməkdaşları dərhal hadisə yerinə gedib, monitorinq və araşdırma işlərinə başlayıb. Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.
Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.