305 maşın postdan geri qaytarıldı
07.07.2020
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.07.2020-ci il saat 00:00-dan 07.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 332 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 149 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 1 482 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 40-ı rayon, 45-i paytaxt istiqamətinə olmaqla 85, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 70-i rayon, 50-i paytaxt istiqamətinə olmaqla 120 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 305 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.