Prezident İlham Əliyevin MÜSAHİBƏSİ - FOTO
07.07.2020
Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər YENİLƏNİB 2
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.
Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.
Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibə verib.
Prezident İlham Əliyevin
müsahibəsi
-Cənab Prezident, vaxt tapıb suallarımızı cavablandırdığınıza görə təşəkkür edirəm. Birinci sualım bugünkü modul tipli xəstəxana ilə bağlı olacaq. Yaradılan şəraitlə tanış oldunuz. Bununla bağlı təəssüratlarınızı bölüşməyinizi xahiş edirəm.
- Təəssüratlar çox müsbətdir. Əsas odur ki, bu xəstəxana çox qısa müddət ərzində ərsəyə gəlib və burada 800 xəstənin yerləşməsi nəzərdə tutulur. Nəzərə alsaq ki, COVID xəstələrinin sayı artmaqdadır, bizə əlavə çarpayılar lazımdır və bu istiqamətdə işlər aparılır.
Bu xəstəxanada bütün lazımi şərait yaradılıbdır. Palatalar, laboratoriya, diaqnostika mərkəzi, həkimlər üçün yaxşı şərait vardır. Ən önəmlisi odur ki, bu xəstəxana 800 çarpayılıqdır. Bu ərazidə təqribən bir ay-ay yarım ərzində yeni xəstəxana inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədərdir. Yəni, təqribən iki ay ərzində biz 2 mindən çox xəstəni yerləşdirə biləcəyik. Beləliklə, xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaqdır.
- Cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, son vaxtlar Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar modul tipli xəstəxanalar açılır və Siz də növbəti dəfə belə bir tibb ocağının açılışında iştirak etdiniz. Qısa olaraq toxundunuz, amma istərdim, mümkünsə ətraflı məlumat verəsiniz ki, gələcəkdə də əlavə belə tibb ocaqlarının yaradılması, inşası nəzərdə tutulurmu?
- Bəli, nəzərdə tutulur. Bildiyiniz kimi, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq. Əslində, modul tipli bu on xəstəxananın tikintisi ilə bağlı qərarı biz o vaxt vermişdik ki, xəstəliyin yayılması o qədər də geniş vüsət almamışdı. Həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi. Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır.
Ümumiyyətlə hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq.
Bildirməliyəm ki, bu il istifadəyə verilmiş "Yeni klinika”da hazırda 350 xəstə müalicə alır. Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesablamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, "Yeni klinika”da əlavə 350.
-Cənab Prezident, dünyada, o cümlədən ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti qiymətləndirməyinizi istərdik.
- Bildiyiniz kimi, dünyada koronavirus xəstəliyi daha geniş vüsət alır. Bizim kimi, bəzi ölkələr yumşalma tədbirlərindən sonra gördülər ki, xəstəliyin yayılma tempi geniş vüsət alıbdır. Ona görə indi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Hesab edirəm ki, bu, düzgün qərardır. Çünki bu gün bu xəstəliyin tam müalicəsi üçün peyvənd mövcud deyil. Belə olan halda yoluxanların sayı bundan sonra da arta bilər.
Bizə gəldikdə, bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır. Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.
Xəstəxanaların buna hazır olması məsələləri də öz həllini tapıb. Deyə bilərəm ki, bu 45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir. Bu xəstəxanalar regional inkişaf proqramı çərçivəsində tikilib və bu gün ən yüksək standartlara cavab verir.
Əlbəttə ki, biz məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlarımızı vəziyyətə uyğun şəkildə atırıq. May ayının əvvəlində biz birinci yumşalma addımları atanda mən demişdim ki, xəstəliyin yayılma sürətinin artdığını görsək, yenidən sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərə qayıtmalı olacağıq, belə də oldu. Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır. Bildirməliyəm ki, bir çox ölkələr yenə də karantin rejiminin daha da sərt formasına qayıdırlar.
Əlbəttə, hər bir məsələ müqayisə tələb edir və deyə bilərəm ki, bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. O ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır.
Bu xəstəlik bir şeyi də göstərib - adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür. Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil.
Biz, əlbəttə, bütün addımları atanda vəziyyəti dərindən təhlil edirik. Məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda, əlbəttə ki, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni, biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.
-Cənab Prezident, karantin rejiminə toxundunuz. Bu cür karantin rejiminin nə qədər davam edəcəyini proqnozlaşdırmaq olar? Yəni, hansısa bir səviyyə varmı özümüz üçün onu əsas tutaraq deyə bilək ki, karantin rejimi filan vaxt yekunlaşa bilər.
-Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik.
-Cənab Prezident, pandemiya başladığı gündən bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunəvi ölkə adlandırıb. İstərdim ki, bu təşkilatla əlaqələrimizi və əməkdaşlığımızı qiymətləndirəsiniz.
-Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasda idik. Çünki bu təşkilat dünya miqyasında bu işlərə cavabdehlik daşıyan birinci təşkilatdır. Onların mütəxəssislərini dəvət etdik. Onlar da ezam olundu, gəldilər, bəzi məsləhətlər verdilər və o məsləhətlər əsasında öz addımlarımızın bir hissəsini atdıq. Dediyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir, həm birinci mərhələdə, ondan sonrakı mərhələdə və bu gün. Bu gün də biz sıx əlaqədəyik və hesab edirəm ki, bu təşkilatla hər bir ölkə çox sıx əməkdaşlıq etməlidir. Çünki biz yalnız Ümumdünya Səhiyyə Təşkilatından məsləhət ala bilərik. Ona görə biz bu təşkilatı beynəlxalq arenada da dəstəkləyirik, bildiyiniz kimi, ona maliyyə yardımı da etmişik. Bu gün təşkilatın nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Biz bu fəaliyyətə görə minnətdarıq. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşlərində də iştirak edib. Hesab edirəm ki, pandemiyadan sonra da biz bu təşkilatla əməkdaşlığımızı uğurla davam etdirəcəyik.
-Cənab Prezident, koronavirus pandemiyasının ölkəmizin sosial-iqtisadi sahələrinə təsiri necədir? Bu barədə fikirlərinizi öyrənmək istərdik.
-Əlbəttə, bu pandemiya təsirsiz ötüşmədi. Dünyanın aparıcı maliyyə qurumları indi ortaya müxtəlif proqnozlar qoyurlar - dünya iqtisadiyyatı nə qədər tənəzzülə uğrayacaq, avrozonada vəziyyət necə olacaq, işsizliklə bağlı vəziyyət necə olacaq? Biz görürük ki, işsizlik az olan ölkələrdə işsizlik kəskin artır. Dünya iqtisadiyyatına böyük zərbə vuruldu və Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğu üçün təbii ki, bu, bizim vəziyyətimizə də mənfi təsir göstərmişdir.
Biz bu ili çox böyük ümidlərlə, böyük planlarla başlamışdıq. İlin ilk aylarında iqtisadi göstəricilərimiz kifayət qədər yüksək idi. Biz hesab edirdik ki, 2020-ci il son vaxtlar apardığımız islahatların nəticəsində gözəl nəticələri verə biləcək il olacaqdır. Ancaq əlbəttə ki, pandemiya bizim bütün planlarımıza da müdaxilə etdi və biz şüurlu şəkildə çox sərt məhdudlaşdırıcı addımlar atdıq, o cümlədən ticarət sahəsində, digər sahələrdə. Təxmin edirdik ki, iqtisadiyyatımız tənəzzülə uğrayacaq. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. Altı ayın yekunları yəqin ki, bir neçə gündən sonra məlum olacaq. Amma bilirsiniz, bu, bərpa ediləcək. Ona görə mən bir daha demək istəyirəm ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır. Amma buna baxmayaraq, biz heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Misal üçün, ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Məsələn, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək, adətən ildə təqribən 700-800 mənzil təqdim edilir. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Biz ünvanlı sosial yardım alanların sayını artırdıq. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan. Digər önəmli sosial layihələr icra edildi. Bildiyiniz kimi, işsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib.
Ona görə biz nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq. Digər tərəfdən, baxmayaraq ki, iqtisadiyyatımız tənəzzülə uğrayıb, amma bəzi sahələrdə inkişaf da var. Misal üçün, kənd təsərrüfatı. Biz beş ayın yekunlarına görə bu sahədə 3 faizdən çox artım gördük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar və şəffaflıq bu gün çox yaxşı nəticələrə gətirib çıxarır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Bu da son illər ərzində sənayeləşmə prosesinin təzahürüdür. Ona görə mən hesab edirəm ki, biz bütövlükdə bu ili də lazımi səviyyədə başa vuracağıq. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində bizim valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıbdır. Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni, bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü. Hətta bildiyiniz kimi, özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə, ölkə böyük problemlərlə üzləşəcək. Bilirsiniz, Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Çünki neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərəcək. Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı olacağıq. Belə olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik və insanlar bundan əziyyət çəkəcəklər. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik.
İqtisadi sahədə bir məsələyə də toxunmaq istəyirəm. Bildiyiniz kimi, hazırda kölgə iqtisadiyyatına qarşı çox ciddi mübarizə aparılır və bu mübarizə özünü göstərir. Həm biznes cəmiyyəti bunu görür və qiymətləndirir, eyni zamanda, biznes qurumlarında fəaliyyət göstərən vətəndaşlar. Bu il yüz mindən çox əmək müqaviləsi imzalandı. Əslində bu, qeyri-formal məşğulluğun ağardılması deməkdir. Çünki bu günədək yüz minə qədər insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi, öz əməkhaqqı barədə məlumat vermirdi. Beləliklə, özünü gələcək pensiya təminatından, gələcək tibbi sığortadan məhrum edirdi. Odur ki, həm maarifləndirmə işləri, həm də çox ciddi inzibati addımlar və dövlət qurumları ilə biznes qurumları arasındakı təmaslar, onlar üçün güzəştli vaxtın uzadılması ona gətirib çıxardı ki, yüz mindən çox əmək müqaviləsi imzalandı və bu, son hədəf deyil. Bizdə qeyri-formal sahədə bəlkə də hələ yüz minlərlə insan işləyir və əminəm ki, onlar da tədricən kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçəcəklər. Bu islahatlar, eyni zamanda, büdcə gəlirlərində də özünü göstərdi. Baxın, ticarət və ictimai iaşə obyektlərinin böyük əksəriyyəti bu müddət ərzində bağlı idi. Turizm sıfır səviyyəsindədir. Halbuki biz hesab edirdik ki, bu il ölkəyə təqribən 3,5 milyon turist gələcək. Çünki keçən il 3 milyon rekord hədd idi. Bu il üçün belə planlaşdırırdıq. Bu da ölkə iqtisadiyyatına minimum 2 milyard dollar valyutanın gəlməsi demək idi. Biz bundan da məhrum olduq. Ancaq altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni, biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik. Əlbəttə ki, mən demişəm, bu vəsaitin hamısı ancaq sosial layihələrə, o cümlədən COVID-ə qarşı mübarizəyə xərclənəcəkdir.
-Cənab Prezident, Azərbaycan pandemiya ilə mübarizədə bir çox ölkələrə humanitar yardım göstərib. Bununla bağlı fikirlərinizi bölüşməyinizi xahiş edirik.
- Bəli, tamamilə haqlısınız. Biz bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Onu deyə bilərəm ki, biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu, artıq bilindi və biz də əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür. Çünki hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik. Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik. Hesab edirəm ki, buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Onsuz da Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir. Son hadisələr bunu bir daha təsdiqlədi. Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əksinə, bu dövr ərzində bizim təşəbbüslərimiz, o cümlədən beynəlxalq müstəvidə təşəbbüslərimiz beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslərdir. Burada Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib.
İkincisi, bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik. Biz bunu ardıcıllıqla, düşünülmüş siyasətlə etmişik. Biz heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib özümüz üçün nəyisə qoparmağa çalışmamışıq. Həmişə kömək etməyə çalışmışıq. İndi kim bunun qədrini bilir, sağ olsun, kim bunu unudur, özü bilər. Hər halda bizim vicdanımız təmizdir. Bu dövrdə biz, əlbəttə, bundan sonra da yardımları göstərə bilərik və edəcəyik. O cümlədən biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə verdik. Birinci ianə sırf onların öz planlarını həyata keçirməsi üçün idi. İkinci ianə isə pandemiyadan ən çox əziyyət çəkən və ən ağır vəziyyətdə olan Qoşulmama Hərəkatına üzv ölkələrə nəzərdə tutulur. Biz digər beynəlxalq təşkilatlara maliyyə yardımı göstərmişik. Yenə də deyirəm, hesab edirəm ki, tamamilə düzgün addım atmışıq.
-Cənab Prezident, belə bir dövrdə şəxsən Siz beynəlxalq arenada bir sıra təşəbbüslər irəli sürmüsünüz. Biz buna misal olaraq Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə toplantılarını göstərə bilərik. Necə düşünürsünüz, bu təşəbbüsləri Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirmək olarmı?
-Təbii ki. Bilirsiniz, mən hesab edirəm ki, hər bir ölkə, - hər halda biz Azərbaycanın mövqeyini bunda görürük, - hər hansı bir təşkilatda fəaliyyəti tam icra etməlidir. Yəni, bu fəaliyyət, xüsusilə sədrlik fəaliyyəti formal xarakter daşımamalıdır, halbuki daşıya da bilər. Çünki Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik növbəlilik prinsip əsasındadır. Qoşulmama Hərəkatında sədrlik isə seçkilər yolu ilədir. Biz hər iki təşkilata sədrliyi təxminən eyni vaxtda - keçən ilin oktyabrında öz üzərimizə götürmüşük. Bakıda iki Zirvə görüşü keçirilmişdir. O vaxt mən bəyan etdim ki, biz sədr kimi fəal olacağıq, Qoşulmama Hərəkatına üzv ölkələrin maraqlarını dünya miqyasında müdafiə edəcəyik, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Ona görə bu ağır bir dövrdə, əlbəttə, hesab etdim ki, Zirvə görüşlərinin keçirilməsinə də böyük ehtiyac var. Bildirməliyəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü yeni formatda - onlayn formatda ilk Zirvə görüşü idi. Ondan sonra digər təşkilatlar da buna oxşar addımlar atdılar. Qoşulmama Hərəkatına üzv ölkələrin və Türk Şurasının Zirvə görüşləri çox uğurlu keçdi. Qəbul edilmiş sənədlərdə Azərbaycanın bu təşəbbüsü və bu sahədə oynadığı rolu, həmrəyliyə hesablanmış addımları yüksək qiymət almışdır.
Bundan başqa, mən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə iştirak etmişəm və Azərbaycanın mövqeyini ifadə etmişəm. Eyni zamanda, bu yaxınlarda Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarının Zirvə görüşü keçirildi və bu görüş də çox önəmli idi. Biz konkret nəticələrə gəldik. Bu Zirvə görüşü daha çox logistika, nəqliyyat sektoruna aid idi. Ancaq mənim təşəbbüsümlə biz onun formatını bir qədər genişləndirdik. Yenə də təşəbbüs göstərərək hökumətlərarası işçi qruplarının yaradılmasına nail olduq. İndi məsləhətləşmələr gedir. İnvestisiyalar, ticarət, nəqliyyat-logistika, energetika, telekommunikasiya. Burada çox önəmli üçtərəfli format artıq formalaşıb. Deyə bilərəm ki, üçtərəfli əməkdaşlıq formatına biz həmişə çox böyük maraqla yanaşmışıq, üstünlük vermişik. Bir neçə ölkə ilə belə formatlar var. Bu isə üçtərəfli və çox böyük iqtisadi səmərə gətirə biləcək yeni bir formatdır. Əlbəttə ki, bizim növbəti təşəbbüsümüz BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar idi. Bu təşəbbüs də dünya miqyasında yüksək qiymət aldı və 130-dan çox ölkə bizim təşəbbüsümüzə dəstək verdi. Beləliklə, yaxın gələcəkdə sessiya keçiriləcəkdir.
-Cənab Prezident, Sizin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünüzün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Bunu nə ilə əlaqələndirirsiniz? Bu, Ermənistanın bizə qarşı olan nifrətidir, yoxsa özünü dünyadan təcrid etməsidir?
-Yəqin ki, hər ikisidir. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu. Siz qeyd etdiyiniz kimi, özünü dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Çünki biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər. Biz bunu görmürük. İndi biz görürük kim kimə kömək göstərir. Peyvənd icad olunandan sonra bu peyvəndi pulla ala bilməyən ölkələrə bu, pulsuz verilsin. Burada donor təşkilatlar, iri biznes qurumları öz sözünü desin. Yəni, biz bu təklifləri buna görə, həm də həmrəyliyi nümayiş etdirmək üçün veririk. Hələ bilinmir ki, peyvənd icad olunandan sonra nələr baş verəcək? İndi dərmanlar, cihazlar uğrunda mübarizə gedir. Biz özümüz bu vəziyyətlə üzləşmişdik. Biz sifariş edilmiş və pulla alınmış bəzi cihazları ölkəmizə gətirə bilməmişik. Çünki imkan vermədilər. Ona görə peyvənd icad ediləndən sonra hansı vəziyyət olacaq? Bunu heç kim bilmir. Birincisi, bu peyvənd nə dərəcədə səmərəli olacaq? İndi testdən keçir. Sonra kasıb ölkələrin ona əli çatacaq, yoxsa yox? O, pullamı satılacaq, yaxud da ki, Ümumdünya Səhiyyə Təşkilatı onu paylayacaq? Yoxsa ki, zəngin ölkələr bundan istifadə edib öz əhalisinin canını qurtaracaq, amma kasıb ölkələrdəki insanlar öləcək? Bu, dözülməzdir. Bütün bu məsələlər vahid bir yanaşma tələb edir. Hətta ölkələr BMT Baş Assambleyasında vahid bir fikrə gəlməsələr belə, biz bu məsələni qaldırmalıyıq. Biz dünya birliyinin məsuliyyətli ölkəsi kimi bu məsələni qaldırırıq. Ona görə Ermənistanın bu addımı qətiyyən başadüşülən deyil.
Bildiyiniz kimi, bu təşəbbüsün reallaşması üçün bizə 97 səs lazım idi. Biz isə 130-dan çox ölkənin səsini qazandıq. Hesab edirəm ki, burada iki əsas amil öz rolunu göstərdi - bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Biz bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində qazanmışıq.
Mən dəfələrlə demişəm ki, biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz. Müxtəlif məqamlarda bunu dəfələrlə nümayiş etdirmişik. Ona görə bu gün Azərbaycana olan rəğbət doğrudan da ən yüksək səviyyədədir. Biz doqquz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bildirməliyəm ki, o vaxt bizdən əvvəl Ermənistan namizədliyini vermişdi. Ancaq görəndə ki, biz namizədliyimizi verdik, bizim qarşımızda aciz olduqlarını başa düşdülər və namizədliklərini sakitcə geri götürdülər - yəni, o diplomatik döyüş arenasından qaçdılar. Ondan beş il sonra döyüş meydanından qaçdılar və beləliklə, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ona görə bu, 10 ildən sonra yenidən bizə verilən böyük beynəlxalq dəstəkdir. Mən öz ölkəmizi heç kimlə müqayisə etmək istəmirəm. Amma hesab etmirəm ki, bir çox ölkələr BMT–də bu qədər dəstək qazana bilər. Bu, yenə də bizim dürüstlüyümüzün, sözümüzə əməl etməyimizin nəticəsidir. Mən dəfələrlə demişəm, bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik.
O ki qaldı, Ermənistana, əslində, onlar özlərini çox gülünc vəziyyətə qoydular. Bizim təşəbbüsümüzü 130-dan çox ölkə rəsmən dəstəklədi, özü də fərdi qaydada. Baxmayaraq ki, Qoşulmama Hərəkatı bütövlükdə buna dəstək vermişdi, yenə də bütün ölkələr fərdi qaydada ya bizə, ya da ki, BMT-yə məktublarla bu haqda məlumat verdilər. Bir neçə ölkə səssiz qaldı. Yəni, onlar, sadəcə olaraq, buna reaksiya vermədilər. Yeganə ölkə - Ermənistan bunun əleyhinə çıxıb. Ermənistanın BMT-dəki səfiri çox qəribə bir məktub ünvanlamışdır ki, onlar bunun əleyhinədirlər.
Birincisi, Ermənistanın özü regionda və bəlkə də dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir. İndi özləri etiraf edirlər ki, bu pandemiya ilə bacarmırlar. İndi özləri döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər. Yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışırlar. Belə olan halda onlar özləri maraqlı olmalıdır. İkincisi, bu, bir daha onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Çünki artıq dünya bunların əsl simasını dəfələrlə görübdür. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində bizik. Onların Azərbaycanafob siyasəti bu gün də özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər. Amma bu addım, əlbəttə ki, heç bir məsələyə təsir edə bilməz. Sadəcə olaraq, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı.
-Cənab Prezident, Siz Ermənistanın beynəlxalq təşkilatlarda addımlarından danışdınız. Ancaq bu ölkənin daxilində də demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Avropa təşkilatları isə bütün bunlara göz yumur. Sizcə, bu, nə ilə əlaqədardır?
- Hesab edirəm ki, bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir. Mən bunu şəxsən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi görmüşəm. Yəni, Ermənistan tamamilə tənqiddən kənarda idi. O vaxt ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə edib Ermənistanı bütün tənqidlərdən qoruyurdular. Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Ancaq ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları həmişə bu tənqiddən qoruyurdu. Əslində, bu, lobbiçilik fəaliyyəti deyil, bu, korrupsiya fəaliyyətidir. Mən hesab edirəm ki, bu fəaliyyət Avropada geniş araşdırılmalıdır. Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökumət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər. Elə adamlar var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib. Bunun arxasında nələr dayanır, hamımız yaxşı başa düşürük. Ona görə Avropanın hüquq-mühafizə orqanları bu məsələni, Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi dırnaqarası töhfəni, əlbəttə ki, Ermənistanın riyakar siyasətini araşdırsınlar. Çünki o, hər bir güc mərkəzinə o güc mərkəzinin eşitmək istədiyini deyir yalandan. O, bir neçə stulda oturmaq istəyir. Bu günə qədər buna müvəffəq olub. O, saxta tarixi, uydurulmuş, yüz il bundan əvvəl dırnaqarası hadisələri - soyqırımı istismar etmək istəyir. Özündən qurban, yazıq bir xalq düzəltmək istəyir. Halbuki hər kəs yaxşı bilir ki, ermənilər bizə qarşı soyqırımı törətmişlər. Budur, əsas amillər.
Ancaq Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilibdir. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir. Bunu biz deyirik və artıq dünya miqyasında bu fakt haqqında kifayət qədər məlumat var. Mən bu məsələni qaldırmayana qədər heç kim bu haqda danışmırdı. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde faşist olubdur. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilib. Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var. Bir də ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər.
Mən demişəm ki, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola bilməz. Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır. Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. Belə çıxır ki, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generalları oğru olublar, əsgərlərin tuşonkasını bazarlarda satdırıblar. Onların qəhrəmanları faşist, terrorçu və cinayətkar olublar. Bax, budur, bugünkü Ermənistan. İndi baxın görün son iki il ərzində nələr baş verir. Belə olan halda mənzərə tam üzə çıxacaq. Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Bir jurnalist həbsxanada aclıq elan etmiş və aclıqdan vəfat etmişdir. Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır.
Ancaq baxın, beynəlxalq təşkilatlar, - indi bunu bir çox adamlar deyir, - buna nə reaksiya verir? Heç bir reaksiya vermir. Haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər.
Avropa qurumlarının saxtakarlığını biz Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük. Bütün seçkilər saxtalaşdırılıb, amma bütün seçkilərə müsbət rəy verilib. Heç uzağa getməyək. Guya ki, onlarda baş verən inqilabdan əvvəl Sarkisyan hakimiyyəti qanunsuz zəbt etmək istədi, parlament seçkilərini saxtalaşdırdı, özünə 50 faizdən çox səs yazdırdı. Avropa Şurası Parlament Assambleyası, ATƏT-in müşahidəçi missiyası buna müsbət rəy verdilər. Yaxşı, görmürdünüz ki, bu adam saxtakardır, bu adam səsləri oğurlayıb, Ermənistanda seçicilərin kütləvi qaydada satın alınması prosesi gedir?! Beynəlxalq müşahidəçilər Sarkisyan hakimiyyətinə, onun saxtalaşdırılmış seçkilərinə müsbət rəy verir, ondan sonra xalq ayağa qalxır. Çünki erməni xalqı Sarkisyana və onun xuntasına nifrət edirdi, bunu gizlətmirdi və nifrətəlayiq bir ünsürdür. O vaxt xalq ayağa qalxanda onun hansı aciz vəziyyətdə olmasını bütün dünya görüb, qorxa-qorxa çəkildi kənara, dedi ki, mən səhv etmişəm, məni bağışlayın, qaçdı getdi. Qorxaq. Bunun başqa adı yoxdur. Amma özünü qəhrəman kimi göstərirdi. O hansı qəhrəmandır, bütün dünya gördü. Azərbaycanın dinc əhalisinə qarşı cinayət törədən o cəllad qorxaqcasına qaçıb gizləndi. İndi də əsas məqsədi odur ki, həbs olunmasın. Yəni, bu Sarkisyan xunta rejimi devriləndən sonra parlament seçkiləri elan olunur və onun faşist simvolikası ilə eyni simvolikası olan Respublikaçılar Partiyası heç 1 faiz də səs toplamır. Necə ola bilər, bir neçə ay bundan əvvəl o, 50 faiz, indi isə 1-2 faiz səs toplayır? Təbii ki, saxtakarlıq. Amma mənim sözüm onda deyil. O aydın məsələdir ki, Ermənistan saxta dövlətdir və əlbəttə ki, saxtakarlıq orada əsas amildir. Mənim sözüm bax, buna göz yuman, demokratiyadan dəm vuran, Azərbaycanı qaralamaq istəyən Avropanın saxtakar müşahidəçilərinədir. Cavab verin. Siz buna necə müsbət rəy vermisiniz ki, bu adama bütün erməni xalqı nifrət edir və seçkilər də onu göstərdi.
Ona görə bu məsələ tam aydındır və artıq bu riyakarlığın üstü tam açılıbdır. Artıq heç kimdə şübhə yoxdur ki, bütün bu qurumlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir. O ölkələr ki, onların qarşısında baş əyir, diz çökür, - Ermənistan kimi, - onların başını sığallayır, o ölkələr ki, ləyaqətli özünü aparır, ayaqda möhkəm durur və özünə qarşı hörmət tələb edir, - Azərbaycan kimi, - onlara hücum edir və hücumun da əsas tezisi insan haqları, demokratiyadır. Əlbəttə ki, bütün bunlar saxta iradlardır. Bayaq bizim haqqında danışdığımız beynəlxalq arenadakı uğurlarımız onu göstərir ki, Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir.
-Cənab Prezident, mənim sualım Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bu yaxınlarda ATƏT-in Minsk qrupu da bəyanat yayıb. Ümumiyyətlə, son dövrlərdə danışıqlarda hansı proseslər gedir və danışıqlar prosesində Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik varmı?
-Xeyr. Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Mənim bu məsələ ilə bağlı kifayət qədər açıqlamalarım olub, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində və bunu artıq bilməyən yoxdur. Ona görə bizim mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir.
Ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda, o cümlədən son vaxtlarda açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər. BMT, onun Təhlükəsizlik Şurası, onun Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar qətnamələr qəbul ediblər. Yəni, bu, hüquqi müstəvidir, bizim mövqeyimizi tam möhkəmləndirən mənzərədir.
O ki qaldı, tarixi ədalətə, hesab edirəm ki, bu haqda Münhen Təhlükəsizlik Konfransında kifayət qədər açıqlamalar verildi. Eşitmişəm ki, mənim çıxışımdan sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər. Çox yaxşı, əzbərləsinlər ki, tarixi yaxşı bilsinlər və özlərini, beynəlxalq ictimaiyyəti aldatmasınlar. Çünki Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Bu müqaviləni bir tərəfdən İbrahim xan və digər tərəfdən Rusiya generalı imzalayıblar. İbrahim xan Qarabağlı və Şuşalı - onun vəzifəsi haqqında bax, bu epitetlər, bu sözlər deyilmişdir. Beləliklə, bu tarixi həqiqət əlbəttə ki, Ermənistan rəhbərliyi üçün gözlənilməz idi, yəqin bu tarixi bilmirdilər. Çünki onlar bir-birini o qədər aldadıblar, o qədər yalan danışıblar ki, bəzi hallarda bu yalana da inanırlar. Ermənistanın baş nazirinin Ermənistanda hansısa meydanda yalan danışması bir məsələdir, bu yalanı beynəlxalq tədbirdə utanmadan danışması isə digər məsələdir. O, erməni xalqına heç bir aidiyyəti olmayan çarı erməniləşdirib. Bu, tam yalandır. "Qarabağ Ermənistandır” - növbəti yalan. Bu məsələ ilə bağlı kifayət qədər tutarlı cavab da verildi. Ermənistanda baş verən hadisələrlə əlaqədar yalanlar.
Ona görə bu, məsələlərin bir tərəfidir. O ki qaldı, Minsk qrupunun bəyanatına, biz bunlardan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik. Ermənistanın baş naziri deyir "Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? "Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. "Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?! Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu, açıq-aydın təxribatdır. İndiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq. Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Mən bu məsələni dəfələrlə qaldırmışam. Bizim bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvlərinə göstəriş verilib ki, bu məsələ onların gündəliyində bir nömrəli məsələ olmalıdır. Bu məsələ ilə bağlı Minsk qrupunun həmsədrləri açıqlama verir, yoxsa yox?! ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur! Yəni,10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər. Gedib nə görəcəklər?! Görəcəklər ki, orada məskunlaşma gedir. Amma bunu 10 il bundan əvvəl öz məruzələrində əks etdiriblər. Yəqin ki, indi əks etdirmək istəmirlər. Bu haqda bəyanat verib Minsk qrupu? Verməyib! Bilirsiniz, indi biz də dözümlülük göstəririk və konstruktiv olmağa çalışırıq. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın.
-Cənab Prezident, çox sağ olun. Bizə vaxt ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.
-Sağ olun. Təşəkkür edirəm sizə.