Azərbaycanlı idmançı icra başçısını tənqid etdi
29.06.2020
"Ola bilsin ki, Süleyman Mikayılov yalnız boksa diqqət edir. Amma idmançı olaraq nə məni çağırıb, nə də xoş qarşılayıb”.
Bunu əməkdaşı Səbuhi Musayevlə "Instagram”da canlı söhbət zamanı MMA döyüşçüsü Tofiq Musayev deyib.
O, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovu tənqid edib:
"Baxmayaraq ki, Qaradağ rayonu Sahil qəsəbəsinin sakiniyəm, amma bir dəfə də mənimlə görüşməyib, quruca "çox sağ ol” deməyib. Onun tərəfindən mənə heç bir dəstək olmayıb. Yəqin, olsaydı, mən də bunu "Instagram” səhifəmdə paylaşıb, öz təşəkkürümü bildirərdim.
"Rizin”in Qran-Pri kəmərini Bakıya gətirəndə xüsusi qarşılanma mərasimi də yerli sakinlərin öz hesabına təşkil olunmuşdu. İcra Hakimiyyəti heç bir dəstək verməmişdi”.
Qeyd edək ki, Süleyman Mikayılov Azərbaycanda yeganə icra başçısıdır ki, həm də idman federasiyasında post tutur. O, 2003-cü ildən Azərbaycan Boks Federasiyasının vitse-prezidentlərindən biridir.