Cərimələr iki dəfə artırılır - VİDEO
27.06.2020
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi yeni redaksiyada təklif olunur.
Beləliklə, hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilibsə, layihədə onların iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək deyil, üç min manatdan dörd min manatadək məbləğdə cərimələnməsi təklif olunur.
Hazırda işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər dörd min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.
Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.