Şuradan korona ilə bağlı 10 TƏKLİF
27.06.2020
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirir.
Şura sədri Azay Quliyev giriş sözü ilə konfransda çıxış edib.
Azay Quliyev Şuranın 2020-ci il qrant müsabiqəsi çərçivəsində 26 dövlət və digər qurumlarla birgə 429 QHT layihəsinin maliyyələşdirildiyini bildirib. Onlardan 363 təşkilatla SƏLİS müqavilə imzalanıb. 40 təşkilatın reyestrinin vaxtı bitdiyinə və bank hesabında problem olduğuna görə müqavilə bağlanmayıb. 24 təşkilatın sənədləri düzəliş mərhələsindədir. 290 təşkilatın layihəsi COVİD-19 pandemiyası ilə mübarizə məqsədi ilə müvafiq istiqamət üzrə dəyişdirilib.
Onlardan:
• 161 QHT layihəsi birdəfəlik yardımlar (tibbi və ərzaq yardımı) edəcək.
• 129 təşkilatın layihəsində isə müxtəlif növ digər yardımlar nəzərdə tutulur. Saytın hazırlanması, kitab çapı, onlayn təlim və konfranslar, psixoloji və hüquqi yardımlar və sorğuların keçirilməsi planlaşdırılır. Bununla yanaşı TV verilişlər, əhaliyə kənd təsərrüfatında istifadə etmək üçün dərmanlar, toxum və gübrə, ağaç tingləri, arı yeşiklərinin verilməsi və s. müxtəlif növ yardımların göstərilməsi də nəzərdə tutulur.
Azay Quliyev çıxışında QHT sektoruna pandemiya ilə bağlı 10 təklif irəli sürüb:
1) QHT-lər tərəfindən təcili yardımların vətəndaşların çağırışına cavab vermə vəziyyətinin monitorinqi aparılmalı, müvafiq təchizatı və texniki imkanı olan QHT-lər "qaynar xətt” yaradaraq bu sahədə problemlər olduğu halda Operativ Qərargaha (OQ) məlumat verməlidir;
2) QHT-lər tərəfindən COVİD-19 testinin əlçatanlığının monitorinqi təşkil edilməli və müvafiq laboratoriyaların ünvanı və telefon nömrələri vətəndaşlara bildirilməlidir;
3) QHT-lər tərəfindən pandemiya, onun fəsadları, xəstələrin müalicəsi zamanı istifadə olunan dərmanlar haqqında mətbuatda yayılan dezinformasiyaların və ya əsassız məlumatların monitorinqi aparılmalı və belə halların qarşısının alınması üçün mütəxəssis rəyinin ictimaiyyətə təqdim olunması və zəruri hallarda OQ-ın məlumatlandırılması təşkil edilməlidir;
4) QHT-lər tərəfindən polis və həkimlərə ictimai dəstəyin gücləndirilməsi təmin edilməlidir;
5) QHT-lər tərəfindən ciddi karantin rejiminin tələblərinə, xüsusilə qoruyucu tibbi maskalardan istifadə, sosial məsafəyə və gigiyenik qaydalara əhalinin riayət etməsinə ictimai nəzarət gücləndirilməli və bu istiqamətdə yardım və maarifləndirmə tədbirləri artırılmalıdır;
6) QHT-lər tərəfindən karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlara, o cümlədən hüquqi şəxslərə qarşı ictimai qınağın tətbiqi yolları və metodları müəyyən edilməli və həyata keçirilməlidir;
7) QHT-lər tərəfindən risk qrupuna daxil olan əhali və ərazi ilə bağlı fəaliyyət daha da genişləndirilməli və bu istiqamətdə OQ-la müvafiq əməkdaşlıq qurulmalıdır;
8) QHT-lər tərəfindən dəstəyə ehtiyacı olan əhali qrupunu müəyyən etmək və onlara yardım göstərmək məqsədilə sosioloji sorğular keçirilməli, bu sorğularda vətəndaşların sosial yardımlara, tibbi xidmətlərə, distant təhsilə və məşğulluğa əlçatanlığının vəziyyəti və keyfiyyəti öyrənilməli və bu sahədə mövcud problemlər haqqında hesabat hazırlanıb hökumətə təqdim edilməlidir;
9) QHT-lər tərəfindən mətbuatla əlaqələr günün tələblərinə uyğun təşkil edilməli və görülən işlər haqqında ictimaiyyət davamlı olaraq məlumatlandırılmalı, pandemiya ilə mübarizədə ümummilli həmrəyliyin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilməlidır;
10) QHT-lər tərəfindən vətəndaşlara pulsuz hüquqi yardımların sayı və keyfiyyəti artırılmalı, vətəndaşların qanuni maraq və mənafelərinin qorunmasına köməklik gücləndirilməlidir.