Bağırzadə 2 aparata qoşuldu: sevindirici xəbər olacaq?
24.06.2020
Bəhram Bağırzadənin səhhətində son 1-2 gündə yaxşılaşma müşahidə edilir.
Bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı deyib.
O bildirib ki, Bəhram Bağırzadə sözügedən hospitala başqa müalicə mərkəzindən ağır vəziyyətdə köçürülüb:
"Vəziyyətinin ağırlığı koronavirus infeksiyasına bağlı olan kəskin ağciyər çatışmazlığı ilə izah olunurdu. Xəstə dərhal reanimasiya şöbəsinə qəbul edilib və reanimatoloqlar tərəfindən ağciyərlərin süni ventilyasiya cihazına qoşulub. Görülən tədbirlər və müalicə ilə təəssüf ki, qanın oksigenlə zənginləşməsini qənaətbəxş səviyyəyə qaldırmaq mümkün olmadı və bunu nəzərə alaraq geniş tərkibli həkim konsiliumun qərarı ilə xəstənin EKMO cihazına qoşulması qərara alındı. Bu, gecə saatlarında icra edildi. Artıq hər iki aparatda qaldığı üçün Bağırzadənin ümumi vəziyyətində stabilləşmə əldə edilib.
Son 1-2 gündə isə cüzi yaxşılaşma qeyd edilir. Təkrar qeyd etmək istərdim ki, Bağırzadənin vəziyyəti bu gün də ağır olaraq qiymətləndirilir. Ümidvaram ki, yaxın günlərdə sevindirici xəbər verəcəyəm”.