Kanalların reytinq cədvəli - AÇIQLANDI
24.06.2020
Azərbaycanda televiziya reytinqlərinin ölçülməsini həyata keçirən beynəlxalq AGB Nielson şirkətinin nümayəndəliyi fəaliyyət göstərir.
Milli Televiziya və Radio Şurasından bildirilib ki, auditoriyanın ölçülməsi, əsasən, kabel televiziyasına abunəliyi olan 180 ailədə televiziyaya baxış fəaliyyətinin monitorinqi əsasında aparılır. Bu göstərici eyni əhali sayı olan ölkələr üçün tətbiq olunan məcburi minimum (400-500 ailə) göstəricidən xeyli aşağı olduğundan Azərbaycanda ölçmələrin keyfiyyətinə mənfi təsir edir.
Qeyd olunub ki, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə əsasən, Azərbaycan qədər əhalisi olan ölkələrdə keyfiyyətli teleölçmələr aparmaq üçün 800-1000 ailəni əhatə edən ölçmə paneli tələb olunur. Buna baxmayaraq, hazırda ölçmələr aparılan ailə sayından uzunmüddətli müşahidələr əsasında alınan məlumatlarla da televiziyaya baxış haqqında ümumi qiymətləndirmə aparmaq olar.
Məlumata əsasən, 2019-cu ildə səhər 7-dən gecə yarısına kimi olan müddətdə televiziyaya baxış 3 saat 46 dəqiqə olub ki, bu da, dünyada olan televiziyaya baxış rəqəmləri ilə eynilik təşkil edir. Televiziyaya baxışın 2 saat 14 dəqiqəsi ümumi olaraq 2019-cu ildə ölçmələri aparılan televiziya kanallarına (ATV, Xəzər, ARB, Space, İTV, Real, Lider) baxış təşkil edib, 1 saat 32 dəqiqəsi isə xarici televiziya kanallarının və agentlik tərəfdən ölçmələri aparılmayan yerli kanalların baxışına aid olub.