Su probleminin həllinə BAŞLANILDI
23.06.2020
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Prezident İlham Əliyevin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 15 aprel 2020-ci il tarixli sərəncamının icrası məqsədi ilə iki dövlət proqramı hazırlayaraq baş nazirin müavini Şahin Mustafayevin sədrlik etdiyi komissiyaya təqdim edib.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, proqramlardan biri "Səhmdar Cəmiyyətinin inkişafına dair 2020-2030-cu illər üzrə”, digəri isə "Suvarma suyundan səmərəli istifadə edilməsinə və su itkilərinə qarşı ilkin mübarizə tədbirləri haqqında” proqramdır. Bu proqramlar kənd təsərrüfatının dayanıqlı inkişafında və iqlim dəyişiklikləri şəraitində su təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sektorunda görüləcək işləri müəyyənləşdirəcək.
Tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər 2025-ci ilə qədər (ortamüddətli) və 2030-cu ilə qədər (uzunmüddətli) dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsi, suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması, su itkilərinə, çayların sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin aparılmasına nail olmağı hədəfləyir.