Bolqarıstan da karantini sərtləşdirdi
23.06.2020
Bolqarıstan hakimiyyəti qapalı yerlərdə məcburi maska taxılması qaydasını yenidən tətbiq edib.
Bunu Bolqarıstan Səhiyyə naziri Kiril Ananiyev deyib. O, maska taxılmasının yenidən məcburi olması qərarının ümumi məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi fonunda qəbul edildiyini bildirib. Buna səbəb isə koronavirusun yayılma tempinin artması göstərilib.
Ananiyev yoluxmanın əhalinin sanitar normalara laqeydliyi nəticəsində artdığını bildirib.
Qeyd edək ki, Bolqarıstanda mayın ortasında ölkədə fövqəladə epidemioloji situasiya rejimi elan edib. Bununla da ölkədə martın 13-dən mövcud olan fövqəladə vəziyyət rejimi qüvvədən düşüb.
Bolqarıstan Baş naziri Boyko Borisov əvvəlcə fövqəladə epidemioloji situasiyanın 15 iyuna qədər davam edəcəyini desə də, sonradan koronavirusun yayılma tempinin artmasına görə onun ayın sonuna qədər davam edəcəyini bildirib.
Bolqarıstanda indiyə qədər koronavirusa 3905 nəfər yoluxub, 199 nəfər ölüb. Koronavirusdan sağalanların sayı 2000-i keçib.