Azərbaycana yardım göndərildi - 11 TON
21.06.2020
Koronovirusun (COVID-19) yayılmasının qarşısını almaq istiqamətində dəstək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin qərarı ilə iyunun 21-də bu ölkənin Etihad Hava Yollarına məxsus karqo təyyarəsi ilə Azərbaycana 11 ton tibbi ləvazimat və xəstələr üçün faraş kənd təsərrüfatı məhsullarından ibarət humanitar yardım göndərilib.
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən bildiriblər ki, humanitar yardımın Əbu-Dabi beynəlxalq hava limanında ölkəmizə yola salınması mərasimində səfir Mahir Əliyev, BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Əl Qubeysi, BMT-nin BƏƏ-dəki əlaqələndiricisi Dr. Dena Assaf, həmçinin BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin beynəlxalq humanitar yardım idarəsinin rəisi Raşed Məhəmməd Humeri, protokol idarəsinin rəis müavini və BƏƏ Səhiyyə Nazirliyinin nümayəndəsi iştirak ediblər.
Mərasimdə səfirlər Mahir Əliyev və Məhəmməd Əl Qubeysi, eləcə də BMT-nin BƏƏ-dəki əlaqələndiricisi Dr. Dena Assaf bununla bağlı yerli televiziya kanallarına müsahibə veriblər.
Qeyd edək ki, BƏƏ hökuməti bu günədək koronovirusdan (COVID-19) əziyyət çəkən 66 ölkəyə 935 ton humanitar yardım göndərib.