Koronadan qorunmaq üçün bu dərmanları qəbul etməyin
18.06.2020
Son günlər apteklərdə "Deksametazon” və "Prednezalon” preparatlarının satışı artıb. Belə ki, koronavirusa yoluxmaqdan ehtiyat edən, özündə narahatlıq hiss edənlər bu dərmanların özbaşına qəbul edir. Ancaq allergiya, ağciyər xəstəliklərinin müalicəsi zamanı istifadə edilən bu preparatların həkim məsləhəti olmadan qəbulu təhlükəlidir.
Mövzu ilə bağlı danışan həkim Vaqif Qarayev də "Deksametazon” ajiotajı başladığını bildirib.
"Özünümüalicə ilə məşğul olmaq risk yaradır. "Deksametazon”un kifayət qədər zərərli təsirləri var. Yaxşı olar ki, həkim təyinatı olmadan bu kimi dərmanların istifadəsinə yol verilməsin”, - o deyib.
Mütəxəssislərin fikrincə, bu preparat hətta ciddi xəstəliklər zamanı xüsusi miqdarda, xüsusi saatlarda qəbul edilməlidir. Gözəyarı, həkim məsləhəti olmadan qəbulu ciddi fəsadlar yaradır. Bu preparatı qəbul edən şəxsin kütləvi yerlərə getməsi qadağandır. Çünki bu dərman immun sistemini zəiflədir və belə olan halda ən kiçik infeksiya belə ölümə səbəb ola bilər.
Özünümüalicə zamanı qəbul edilən bu dərman şəxsin immunitetini aşağı saldığı üçün onun koronavirusa yoluxma riski də yüksəldir.
Həkimlərin sözlərinə görə, bu preparatın həkim məsləhəti olmadan istifadəsi mədə xorası, göbələk infeksiyaları, qaraciyərdə yağlanma, pankreatit, osteoporoz (sümük əriməsi), sümük ölümü, miopatiya, katarakta, yüksək göz təzyiqi, göz dibi ödəmi, yüksək qan təzyiqi, şəkərli diabet, dəri incəlməsi, dəri çatlaqları, bədəndə tüklənmə, saç tökülməsi, dəri rənginin tündləşməsi, piylənmə, depressiya, yuxusuzluq kimi problemlərə səbəb ola bilir.
Bu preparatın qəbulu zamanı əlavə təsirlərin qarşısını almaq üçün müəyyən dərmanlar və xüsusi qidalanma rejimi təyin edilir.