İstirahət mərkəzlərində sıxlıq, xaos yaşanır
17.06.2020
Son günlər koronavirus infeksiyasına yoluxma sayında kəskin artım olsa da, bölgələrdəki istirahət mərkəzlərində buna əhəmiyyət verilmir, sosial məsafə gözlənilmir, maska taxılmır.
Bakı da daxil olmaqla, 9 böyük şəhərdə ötən həftənin sonu küçəyə çıxmaqla bağlı qadağa tətbiq edilmişdi, ancaq regionlarda hərəkət tam sərbəst idi. Məhz bu səbəbdən həftə sonu hərəkətin qadağan edildiyi şəhərlərin sakinləri bölgələrdəki turizm məkanlarına axın etdi. Bu da regionlardakı istirahət mərkəzlərində sıxlığa səbəb olub.
Son günlər ən çox gedilən turistik zonalardan olan Oğuz rayonunun Xalxal kəndində yerləşən Xalxal istirahət mərkəzində bu həftə sonu turist sıxlığı yaşanıb. İstirahət mərkəzində işləyən Oğuz sakinlərinin verdiyi məlumata görə, yerli turistlərin heç biri sosial məsafə gözləmir, turistlər arasında tibbi maskadan istifadə edən də yoxdur:
"Burada heç kəs ölkədə infeksiya yayılmasına əhəmiyyət vermir. Məsafə qorunmur. Gəlib-gedən çox olduğuna görə bəzən sıxlıq da yaranır. Kiminsə tibbi maska taxdığını görməmişik”.
Sakinlərin sözlərinə görə, "Hacı Osman”, "Təpə yeri” adlanan istirahət yerlərində də son günlər heç vaxt yaşanmamış sıxlıq var.