İsrail prezidenti İlham Əliyevə məktub göndərib
16.06.2020
İsrail Prezidenti Reuven Rivlin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Dövran Media məktubun mətnini təqdim edir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Ölkənizə və xalqınıza sülh, həmrəylik və firavanlıq arzulayıram.
Azərbaycan İsrailin mühüm və yaxın tərəfdaşıdır. Ölkələrimiz biznes, innovasiya, elm, təhsil, təhlükəsizlik, turizm, mədəniyyət və bir çox digər sahələrdə dinamik əməkdaşlıq edirlər. Azərbaycan və yəhudi xalqları arasındakı qardaşlıq münasibətləri, eləcə də dini tolerantlığın təbliği, nifrətin və antisemitizmin bütün təzahürlərinin pislənməsi istiqamətində xalqlarımızın birgə səyləri tərəfdaşlığımızın əsasını təşkil edir.
Koronavirus pandemiyasının yaratdığı fəsadları aradan qaldırmağa çalışdığımız dönəmdə İsrail bu amansız xəstəliyin müalicəsi və ona qarşı mübarizə yollarının tapılması istiqamətində Azərbaycanla birgə əməkdaşlığa sadiqdir. Sizə və Azərbaycan xalqına cansağlığı diləyirəm.
Gələn il Azərbaycan və İsrail diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd edəcəklər. Cənab Prezident, fürsətdən istifadə edib münasibətlərimizdəki bu əlamətdar hadisəni qeyd etmək üçün Sizi İsrail Dövlətinə tarixi səfərə dəvət edirəm. Eyni zamanda, Azərbaycan Respublikasının yaxın gələcəkdə İsraildə səfirliyinin açılmasına səmimi qəlbdən ümid edirəm. Hər iki ölkədə diplomatik nümayəndəliklərin olması münasitəblərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində daha böyük addımlar atmağa təkan verəcək və bu da xalqlarımıza böyük fayda gətirəcək.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.