Zəlzələdən bir nəfər ölüb, 18 yaralı var
15.06.2020
Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda iyunun 14-də baş verən məlum zəlzələ nəticəsində 14 ev dağılıb, bir nəfər ölüb, 18 yaralı var.
Vitse-prezident Fuat Oktay, Daxili İşlər naziri Süleyman Soylu və Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum təbii fəlakət bölgəsinə gəliblər. Vəziyyətlə bağlı məlumat verən F.Oktay bildirib ki, yaralıların səhhəti normaldır. Zəlzələnin nəticələrini öyrənmək və fəsadları aradan qaldırmaq üçün tədbirlər görülür.
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bölgəyə 13 maşın, 500 çadır və 59 nəfərlik heyət göndərib.
Qeyd edək ki, iyunun 14-də yerli vaxtla saat 17:24-də baş verən 5,7 bal gücündə zəlzələ Elazığ, Muş, Ərzurum və Diyarbəkir bölgələrində də hiss olunub. Xəsarət alan evlərə girməmək tövsiyə olunur. Zəlzələnin episentri Anadolu bölgəsinin şimal seysmoloji zolağına düşür. Hazırda 4.7 baldan aşağı gücdə yeraltı təkanlar davam edir.