Türkiyə koronavirusa çarə tapdı - VİDEO
13.06.2020
Uzaq Şərqdə yayılmağa başlayan koronavirus qısa zamanda dünyanın 213 ölkəsini ağuşuna almağı bacardı.
Vaksin və ya peyvənd hazırlamağa tələsən bəzi ölkələrdən mütəmadi olaraq sevindirici xəbərlər gəlsə də, bir çox preparatlar sonradan müalicə üçün yararlı sayılmadı.
Ötən gün Türkiyənin Texnologiya və Sənaye naziri Mustafa Varank koronavirusa qarşı çox effektli dərman hazırladıqlarını açıqlayıb. O bildirib ki, dərmanın yaxın vaxtlarda təsdiqlənməsi planlaşdırılır.
Elə bu məsələ ilə əlaqədar Baku TV həmin dərmanın nə qədər effektli olacağı və dünya bazarına çıxarılıb-çıxarılmayacağı barədə suallara cavab tapmaq üçün İstanbul Universiteti Tibb Fakültəsinin Kliniki və Tibbi Farmakologiya şöbəsinin müdiri Ali Yağız Üresdən müsahibə alıb.
Professor hazırlanan dərman vasitəsinin əvvəlcə koronavirusa yoluxan və vəziyyəti ağır olan xəstələrdə, sonra isə xəstəliyin daha erkən mərhələlərində istifadə olunduğunu bildirib.
Bu cür dərmanın Türkiyədə istehsal olunmasının həm qardaş ölkə, həm də qonşu dövlətlər üçün çox gözəl şans olduğunu bildirən professor insanlardan yenə də diqqətli olmağı xahiş edib.
Ali Yağız Üresin sözlərinə görə, payız aylarında artıq peyvəndin hazır olacağı gözlənilir.
Əgər koronavirusla gələn il də üz-üzə qalsaq, bu dəfə daha tədbirli və təcrübəli olacağımızı diqqətə çatdıran türkiyəli professor insanlara bu müddət ərzində maskadan istifadə etməyi, məsafə saxlamağı və gigiyenik qaydalara əməl etməyi tövsiyə edib.