O, sənətindən həzz alan aktrisa idi
16.06.2018
"Sofa Bəsirzadənin Fəxri Xiyabanda dəfn edilməsi üçün yer ayrılsa da, onu öz vəsiyyətinə uyğun olaraq, atamın yanında dəfn etdik"
"Dövran Media" kaspi.az-a istinadən yazını təqdim edir.
"Sofa Bəsirzadə milli teatr və kino sənətimizin inkişafında xüsusi xidmətləri olan aktrisalardandır. O, səhnədə bir-iki cümləsi olan personajlar da, xarakterik dramatik rollar da yaradıb, baş qəhrəman obrazlarında da bacarığını sınayıb. Aktrisanın daxili imkanlarının zənginliyi bu rolları özününküləşdirmək imkanı verirdi". Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Sofa Bəsirzadənin 100 illiyinə həsr edilmiş tədbirdə səslənən bu sözlər aktrisanın oynadığı rolların incəsənət tariximizdə əbədi qalacağından xəbər verdi.
İştirakçılar aktrisanın həyat və yaradıcılığının əks olunduğu fotosərgi, ömür yolundan bəhs edən videoçarx vasitəsilə uzun və zəhmətkeş bir həyat yolunun şahidi oldular. Bu fotolarda Sofa Bəsirzadə Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə, Məryəm, Tamara, Tatyana... idi.
62 ildən çox səhnədə
Kazan quberniyasının Çukan kəndində doğulan Sofa Bəsirzadə iki yaşında olanda ailəsi ilə Bakıya köçüb. O, Bakıda Azərbaycan dilini mükəmməl öyrənib. Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə qəbul olunan sənətkar Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda çıxış edib. Üçüncü kursda tələbə-aktrisa kimi teatrın aktyor truppasına qəbul olunub. Ümumilikdə 100-dən çox tamaşada müxtəlif obrazların ifaçısı kimi tanınıb. Hamısı da bir-birinə bənzəməyən, müxtəlif xarakterli rollar idi. Onun qəhrəmanları bəzən sakit təbiətli, bəzən məğrur və öz əqidəsinə sədaqətli, bəzən isə mənfi xarakterli qadınlar olurdu. Rollarını sadalamaqla qurtaran deyil.
Aktrisanın əsil soyadı Vəzirova olsa da, atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofya" kimi də yazılıb. Teatr kollektivində ona "Sofa xanım" deyə müraciət ediblər.
Sofa xanım dərin, psixoloji obrazları məharətlə ifa edən aktrisa idi. Həm qəhrəmanlıq, həm məişət, həm də mənfi-emosional rolları bütün incə çalarları ilə təqdim edən və sözün əsl mənasında klassik aktyor nəslinə sadiq qalan bir sənətkar idi. Aktrisa səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Əsas odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Sofa xanım teatr səhnəsində 62 ildən çox çalışıb. Səhnə görkəminin təravəti həmişə göz oxşayıb, çevik plastikası tamaşaçıda heyranlıq doğurub. Aktrisanın oynadığı Anna Dmitriyevna ("Canlı meyit", Lev Tolstoy), Fedra ("Dəlilər", Lope de Veqa), Səadət xanım ("Unuda bilmirəm", İlyas Əfəndiyev), Nihal ("Qəribə adam", Nazim Hikmət), Aliyə ("Təhminə və Zaur", Anar), Mariya Xosefa ("Dişi canavar", Federiko Qarsiya Lorka), Dayə ("Medeya", Jan Anuy), Aybəniz ("Cavanşir", Mehdi Hüseyn), Peyanira ("Mehmanxana sahibəsi", Karlo Haldoni), Esrelya ("Sevilya ulduzu", Lope de Veqa) tamaşaçıları dönə-dönə teatra qaytaran rollar idi. Onun rolları ifadə vasitələrinin zənginliyi baxımından seçilir.
Sofa Bəsirzadə ondan artıq bədii filmə çəkilib. Aktrisanın kino qəhrəmanları da müxtəlif xarakterli obrazlardır. Məsələn, "Şərikli çörək" filmində Roza rolunda oynayır. Müharibə dövründə Bakının məhəllələrinin birində yaşayan bu qadın filmin ağrılı motivinə bir yüngüllük gətirir. Həyətdə toyuq saxlayır, bu barədə xəbər tutan "upravdom" Paşa Balayeviçlə Rozanın qarşılaşdığı epizoddakı maraqlı dialoq filmə bir komizm gətirir. "Upravdom"un "gələrsən kontora, danışarıq" deyə ona müraciət etməsi epizodu indi dillərdə dolaşan məşhur ifadədir. "Yol əhvalatı" filmində isə Sofa xanım oğlanın nənəsi Sona obrazını yaradıb. Bu komediya filmində onun qəhrəmanı yaşlı qadın olsa da, çevikdir. "Anlamaq istəyirəm", "Avqust gələndə", "Bizim Cəbiş müəllim", "Dədə Qorqud", "İstintaq davam edir", "Dəli Kür", "Qara daşlar", "Romeo mənim qonşumdur" və digər filmlərdə də o, maraqlı qadın rolları yaradıb. Sofa xanım bu obrazların daxili dünyasını aça bilir, cəmiyyətdə qadının rolunu qəhrəmanları vasitəsilə təqdim edirdi. Sofa xanım sənətindən həzz alan aktrisa idi. O eyni gündə həm filmə çəkilir, həm də səhnədə çıxış edirdi.
"Bir gün gələn bir gün getməlidir"
Aktrisanin iki oğlu - Camal və Kamal da uşaqlıqdan teatra həvəs göstəriblər. Ataları onları teatrın əksər tamaşalarına aparar, xüsusən analarının oynadığı tamaşalarda qabaq cərgədə oturar, səslərini belə çıxarmadan səhnədə baş verənlərə baxardılar.
Böyük oglu Camalın xatirəsindən: "Anam təsadüfən aktrisa olub. İllər keçdikcə sənətinə olan məhəbbəti onu Akademik Milli Dram Teatrına gətirib çıxarır. Daha sonralar isə xalq artisti Amaliya Pənahova tərəfindən Bələdiyyə Teatrına dəvət olunur. Sənətçilərdən rəhmətlik Məhluqə Sadıqova, Mirvari Novruzova ilə yaxın rəfiqə idi. Atam Soltan Vəzirov daxili işlər orqanlarında çalışırdı. Anamla atamın ailə həyatı sevgi üzərində qurulmuşdu. Bir-birilərini çox sevirdilər. Heç vaxt atam anamın aktrisa olmasından narazı olmayıb. Atam 1971-ci ildə qəflətən vəfat edib. Onun ölümündən sonra anam tez-tez "məni atanızın yanında dəfn edərsiniz" deyirdi. Anam dinə etiqad edərdi. Namaz qılıb, oruc tutardı. Kəbəni ziyarət etmişdi. Yadıma gəlir, anamın balaca, çox gözəl bir yastığı var idi. Qastrollara gedəndə o yastığı özü ilə aparır, yalnız o yastıqla dincələ bilirdi. Bir gün bağa gedəndə yastığı yadından çıxıb evdə qalmışdı. Mənə zəng vurub dedi ki, yastığımı gətir. Bibim Gülşən, demək olar ki, bütün günü bizdə olardı. O, anamı çox istəyirdi. Onlar saatlarla söhbət edər, danışıb-gülərdilər. Vaxtın necə gəlib keçdiyini bilməzdilər. Anam hardan biləydi ki, ömür vəfa etməyəcək. O, ömrünün sonuna qədər tamaşalarda oynadı. Anamın çəkildiyi "Romeo mənim qonşumdur", "Yeni horizont", "Şərikli çörək", "Yol əhvalatı" və digər filmlər indi də televiziya ilə yayımlanır".
Kiçik oğlu Kamalın da xatirələri maraqlıdır: "Anam həm də çox səliqəli insan idi. Təmizliyə riayət etməyi sevərdi. Bir gün anam mədəsində ağrılar hiss etdi. Onun ağrıları gücləndi. Təcili yardım çağırdıq. Həkim mənə anamın xəstəliyinin ağır olduğunu, çox yaşamayacağını söylədi və məsləhət gördü ki, o, sanatoriyada dincəlsin. O, bir neçə müddət sanatoriyada istirahətdə oldu. 1999-cu il dekabrın 31-i. Anam yataqdadır. Hamımız onun ətrafına toplaşmışdıq. Anam öləcəyini duymuşdu. Amma yenə bizə görə gözlərindəki sevinci "söndürmürdü". O yenə danışır, zarafat edirdi. Ölümdən qorxmurdu. "Bir gün gələn bir gün getməlidir" deyirdi. O, 2000-ci il yanvarın 4-də gözlərini əbədi olaraq yumdu. Anamın Fəxri Xiyabanda dəfn edilməsi üçün yer ayırmışdılar. Ancaq öz vəsiyyətinə əməl edərək, onu atamın yanında dəfn etdik".
Biz indi də Sofa deyəndə...
Xalq artisti Ağakişi Kazımov deyir ki, o, Akademik Milli Dram Teatrına işləməyə gələndə Sofa Bəsirzadə teatrın aparıcı aktrisalarından biri idi: "Bütün cavan rolları Sofa oynayırdı. Sənətini hədsiz sevirdi. Onun çox gözəl xasiyyəti var idi. Özü də tatar olduğundan Mərziyə Davudova ilə dostluq edirdi. Onları səmimi münasibət birləşdirirdi. Mərziyə həmişə zarafatla deyirdi ki, əgər Sofanın işə nə vaxt gəldiyini bilmək istəyirsinizsə, məndən soruşun: "Çünki o, evdən çıxandan işə gələnə qədər deyib-gülən səsi yol boyu eşidilir". Sofa olan yerdə gülüş, sevinc olardı. Onun maraqlı və məzəli söhbətləri indiyə qədər də çoxunun yaddaşındadır. Yadımdadır, qastrollara gedəndə o, çox gözəl yeməklər bişirər, hamını bir süfrə ətrafına yığardı. Sofanın mehriban ailəsi vardı. İki oğlu, həyat yoldaşı da tez-tez teatra gələrdilər. Onlar ailəvi incəsənəti sevən insanlar idilər".
S.Bəsirzadə Ağakişi Kazımovun quruluş verdiyi bir çox tamaşalarda oynayıb. "Billur sarayda" tamaşasındakı rolu çox gözəl alındı" - deyə rejissor xatırlayır: "Belə rahat işlədiyim aktrisa çox az olub. Tapşırığı verirdim, o da həll edirdi - o bu barədə qəhrəman idi. Sofa bütün rollarını çox rahat oynayır və yaradırdı. Onun yunan əsəri "Gözəllik və sevgi adası"ndakı faciəli rolu həmişə yadımdadır. O bu rolu oynayanda "görəsən necə alınacaq" - deyə biz narahatlıq keçirirdik. Ancaq Sofa bu rolu çox təsirli oynadı. O, çox istedadlı aktrisa idi. Həmçinin sadə, gülərüz olan bu xanım heç vaxt münaqişəni sevmirdi. Onu sevən insanlar rollarına baxanda da aktrisanın bu nikbin xüsusiyyətlərini yadda saxlayırdılar. Onun iştirak etdiyi tamaşalara gələnlər "biz məhz Sofa xanıma görə gəlmişik" deyirdilər. Məncə, aktrisa üçün bundan böyük xoşbəxtlik ola bilməzdi. Buna görə də Sofa özünü xoşbəxt aktrisa hesab edirdi. Sofa olduqca səmimi, qayğıkeş, insanları qarşılıq gözləmədən sevən insan idi". Biz indi də Sofa deyəndə gözlərimiz önündə gülərüz, mehriban, səmimi xanım canlanır".
Sofa Bəsirzadə ömrünün son illərində Amaliya Pənahovanın dəvəti ilə Bakı Bələdiyyə Teatrında çalışıb. O, bu səhnədə də gənclərə yol göstərən ağbirçək, həmkarlarına şərik olan həmdərd olub.
"O sadə, səmimi, gülərüz və xalqın sevimlisi kimi yaddaşlarda qaldı" - bu gün Sofa Bəsirzadə haqqında eşidilən bu sözləri isə hər sənət adamı haqqında səsləndirmirlər.