Çəkiliş tapşırıqla aparılıb - RƏSMİ
09.06.2020
Polisin Yasamalda karantin rejimini pozan və polisin başına müxtəlif maddələr atan şəxslərə qarşı keçirdiyi əməliyyatın videoçəkilişinin aparılması nazirliyin xüsusi tapşırığıdır.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov eksklüziv olaraq bildirib.
O qeyd edib ki, sözügedən çəkiliş tam qanunidir və təlimatlara uyğun aparılıb:
"Çəkiliş aparılmasında məqsəd budur ki, istintaq prosesi zamanı əməliyyat əsnasında hansı halların yaşandığını dəqiq analiz etmək mümkün olsun. Yəni bu çəkiliş istintaq materialı üçündür. Lakin daxili təhqiqat üçün çəkilmiş videonun ictimailəşməsi tamamilə qanunazidd addımdır. Həmin videonu ictimailəşdirən şəxs artıq polis orqanları sıralarından xaric edilib. Yəni onun işdən azad edilməsinin bir səbəbi də məhz istintaq materialı üçün nəzərdə tutulan videonu ictimailəşdirməsidir”.
Qeyd edək ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb. Görüntülərə əsasən, qadınla yüksək səs tonunda danışaraq, onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlədən polis işdən azad edilib.