Yeni qoruq yaradıldı - SƏRƏNCAM
08.06.2020
Prezident İlham Əliyev "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib.
Dövlət Turizm Agentliyi "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin edəcək.
"Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın unikal təbiət abidələrindən olan Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisindəki Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir.
İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi "Xəzər sahil mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.