Azərbaycan və İran logistika terminalı yaradır
08.06.2020
Azərbaycan və İran müştərək sənaye şəhərciyi və logistika terminalını istifadəyə verəcək.
Bunu İranın Ərdəbil əyalətinin Proqramlaşdırma və İdarəetmə Təşkilatının sədri Davud Şayiqi deyib.
O bildirib ki, logistika terminalı və Azərbaycan-İran müştərək sənaye şəhərciyinin yaradılmasında məqsəd Parsabad-Muğan sərhəd bölgəsində ticari və iqtisadi əlaqələri daha da inkişaf etdirməkdir: "Logistika terminalının yaradılması ilə Ərdəbil əyalətindən Qafqaz ölkələri, Orta Asiya və Rusiyaya məhsulların ixracatı artacaq. İstehsal, qablaşdırma və sənaye sahəsində sərmayə yatırmaq sahəsində sıçrayış olacaq”.
Ərdəbil əyalətinin ikinci böyük şəhəri olan Parsabad şəhərini Biləsuvar şəhərinə birləşdirmə layihəsinin icra olunduğunu deyən D. Şayiqi bildirib ki, Parsabad-Biləsuvar magistral yolu dördzolaqlı olacaq. Bu layihənin icrası prioritet məsələdir və bundan başqa Parsabad şəhərində infrastrukturun təkmilləşdirilməsi işləri bu il ərzində həyata keçiriləcək.
D. Şayiqi onu da deyib ki, hazırda logistika terminalının və müştərək sənaye şəhərciyinin təsis edilməsi üçün hazırlıq işləri görülür.