21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistan ağır fəsadlarla üzləşə bilər - XİN rəsmisi

05.06.2020

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.

Dövran Media L.Abdullayevaya ünvanlanmış sualı və onun cavabını təqdim edir:

- Dünən Ermənistan XİN-i Azərbaycan tərəfindən səsləndirilən anti-erməni bəyanatları barədə şərh verərək, bunun Ermənistan və bölgə üçün təhlükəli olduğunu iddia etdi. Bu barədə sizin fikirlərinizi öyrənmək istərdik.

- Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi bəyanatları və nümayiş etdirdiyi davranışları xüsusi şərhə ehtiyac duyur. Təcavüzkar ölkənin rəhbərliyinin Ermənistanın başlatdığı müharibənin nəticələrini aradan qaldırmaq yerinə, onun nəticələrinin, yəni Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalının möhkəmləndirilməsi və yüz minlərlə məcburi köçkünün hüquqularının pozulmasının davam etdirilməsinə yönələn cəhdləri, bu ölkənin başında duranların öz məsuliyyətini tam dərk etməməsi ilə yanaşı, elə öz ölkəsinin və əhalisinin gələcəyinə biganə qaldığını göstərir.

Minlərlə dinc insanın axıdılan qanı, məhv edilmiş həyatı, yüz minlərlə insanın pozulmuş haqqları, eləcə də beynəlxalq öhdəliklərin kobudcasına tapdalanmasına görə cavabdeh olan, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin işğalını rədd edən birmənalı mövqeyi, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları ilə məsuliyyəti təsbit olunan Ermənistanın nə hüquqdan, nə qanundan, nə də demokratiyadan danışmağa, üstəlik digərlərinə məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur.

Təcrübə göstərir ki, Ermənistan tərəfi arqumentlərinin tükəndiyi və deməyə söz tapmadığı bir vaxtda Azərbaycandakı anti-erməni hissiyyatı mövzusunu gündəmə gətirməyə çalışır. Lakin bölgədəki iki xalq arasındakı bu nifaqın kökündə elə Ermənistanın əsassız ərazi iddiaları və təcavüzkar siyasəti dayandığını görməzdən gələn işğalçı ölkənin rəhbərliyi, bu düşmənçiliyin və münaqişənin nəticələrinin aradan qaldırılması üçün də heç bir addım atmır, reallıqdan, praqmatizmdən və konstruktivlikdən uzaq kor siyasət yürüdür. Bu siyasətin nəticəsində isə ilk növbədə, Ermənistan ağır fəsadlarla üzləşə bilər.

Əgər Ermənistan rəhbərliyi, rəsmi İrəvanın açıqlamalarında səsləndirildiyi kimi, bölgədə sülh və təhlükəsizliyi düşünürsə o zaman işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarmalı və əhalisini sülhə hazırlamalıdır. Siyasi iradəsini isə danışıqlar masası arxasında əldə olunan konkret nəticələrlə nümayiş etdirməlidir. Çünki Azərbaycanın və beynəlxalq vasitəçilərin səbri tükənməz deyil.