21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Pekin ABŞ-ın qadağasını pisləyib

04.06.2020


Rəsmi Pekin Çinin mülki aviasiya şirkətlərinin ABŞ-a uçuşlar həyata keçirməsinə qoyulan qadağanı pisləyib.

AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien ölkəsinin bu qərardan böyük təəssüf hissi keçirdiyini bildirərək, Vaşinqtonu iki dövlət arasında sərnişin daşınmasına əngəl yaratmamağa çağırıb. O, Çin tərəfinin ABŞ aviasiya şirkətlərinə məhdudiyyətlər tətbiq etməsi ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, Çin Mülki Aviasiya Administrasiyası xaricdən COVID-19 infeksiyasının ölkəyə axınının qarşısını almaq üçün mart ayından etibarən xarici aviaşirkətlərin Çinə uçuşlarını əhəmiyyətli dərəcədə azaldıb. Hazırda xarici aviaşirkətlərin hər biri öz ölkəsindəki yalnız bir hava limanından Çində yalnız bir təyinat nöqtəsinə həftədə bir sərnişin təyyarəsi uçuşu həyata keçirə bilir. Bu məhdudiyyət ABŞ mülki aviasiya şirkətlərinə də aiddir. Xarici şirkətlərin 3 həftə ərzində Çinə gətirdiyi sərnişinlərin heç birində yeni növ koronavirusa yoluxma aşkarlanmazsa, administrasiya iyunun 8-dən sonra həmin şirkətə həftədə 2 uçuş həyata keçirməyə icazə verəcək.

Qeyd edək ki, Tramp administrasiyası Çinin ABŞ şirkətlərinə uçuş icazəsi verməməsinə cavab olaraq, Çin mülki aviasiya daşıyıcılarının Birləşmiş Ştatlara uçuşlarına iyunun 16-dan etibarən qadağa tətbiq etməyə başlayacaq. Bu qərar Çinin ABŞ-a uçuşlar həyata keçirən 3 böyük aviaşirkəti olan "Air China", "China Eastern" və "China Southern"ə, habelə "Xiamen Airlines"ə tətbiq ediləcək.

"Bizim əsas məqsədimiz bu vəziyyətin davamlı olması deyil, hər iki tərəfin daşıyıcılarının hüquqlarını tam həyata keçirə biləcəyi yaxşı şəraitin təmin edilməsidir", - deyə ABŞ Nəqliyyat Departamentinin məsələ ilə bağlı açıqlamasında deyilir. Departament Çin tərəfinin müvafiq qərarını dəyişdirəcəyi halda, ABŞ-ın da məsələyə dair mövqeyini yeniləyəcəyini bəyan edib.

ABŞ-ın iri mülki aviasiya şirkətlərinin Çinə uçuşların bərpası ilə bağlı müraciətinə Çin tərəfi müsbət cavab verməyib. Bu şirkətlərdən biri olan "Delta Air" ABŞ-ın qərarını dəstəkləyərək, hökumətin onların hüquqlarını qorumaq və ədaləti təmin etmək üçün addımlar atmasını təqdir edib.

Pandemiyadan əvvəl iki ölkə arasında həftədə 325 sərnişin təyyarəsi uçuşu həyata keçirilirdi. Hazırda Çin ilə Birləşmiş Ştatlar arasında yalnız Çin şirkətləri tərəfindən həyata keçirilən həftədə cəmi 4 müntəzəm uçuş var. ABŞ şirkətləri pandemiya ilə əlaqədar olaraq martın 12-dən Çinə sərnişin təyyarələrinin uçuşlarını dayandırıb.