Trampın bu qərarı Almaniyanı məyus etdi
30.05.2020
Almaniya ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələri kəsmək qərarını "məyusedici" adlandırıb.
Bu barədə Almaniyanın Səhiyyə naziri Jens Spahn "Twitter" hesabında qeyd edib.
Səhiyyə naziri hər hansı dəyişiklik üçün ÜST-ün islahata ehtiyacı olduğunu bildirib.
Spahn Trampın son hərəkətini beynəlxalq səhiyyə üçün məyusedici geriləmə kimi xarakterizə edib: "Avropa İttifaqı aparıcı rolu götürməli və daha çox maliyyə dəstəyi verməlidir. Almaniyanın Aİ-yə sədirliyi dövründə bu, bizim əsas prioritetlərimizdən biri olacaq", nazir əlavə edib.
Qeyd edək ki, Prezident Donald Tramp mayın 29-da keçirdiyi mətbuat konfransında ABŞ-ın ÜST ilə əlaqələrini kəsdiyini bəyan edib və bu addımın ÜST-ün ilkin mərhələdə COVID-19-a qarşı mübarizədə kifayət qədər məsuliyyəli davranmaması ilə əlaqələndirib.
Xatırladaq ki, bir ay əvvəl Prezident Tramp ÜST-ə maliyyə yardımını dayandırıb. Mayın əvvələrində isə ÜST-ü Çinin oyuncağı adlandıran ABŞ Prezidenti ÜST-də əsaslı islahatlar olmayacağı halda maliyyələşdirmənin dondurulmasının davamlı olacağını söyləyib.