Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Azərbaycan Televiziyasının (AzTV) "Telesəhər” proqramının qonağı olub.
O, sovet hakimiyyəti dövründə atası Azər Rəsulzadənin başına gətirilənlərdən, Bakıya gizli yollarla gedib-gəlməyindən danışıb.
Bildirib ki, atasına qarşı dəfələrlə təxribat törədiblər. Hətta Məhəmməd Əmin Rəsulzadənin vəfatından istifadə etmək istəyənlər də olub:
"1955-ci ildə atamı çağırdılar ki, atanız Ankarada vəfat edib, getmək istəyirsinizmi? Təbii ki, atamı Ankaraya müəyyən şərtlərlə göndərirdilər. Atam 35 yaşında idi, bilirdi ki, şərtlərə məxfi işlərlə məşğul olmaq, kimlərləsə əlaqə yaratmaq da daxildir. Atam dedi ki, getmək istəmirəm”.
Rais Rəsulzadə Bakıya niyə gəldiyini də söyləyib: "1965-ci ildə Bakıya gəldim. Atam etiraz eləyirdi. Amma mən hər şeyi bilirdim, deyirdim ki, ədaləti bərpa eləməliyəm”.
M.Ə.Rəsulzadənin yadigarı atasının son arzusunu açıqlayıb: "Atam vəsiyyət eləmişdi ki, vətəndə dəfn olunsun. Kimsə gəlib Heydər Əliyevə Rəsulzadənin oğlunun vəfat etdiyini deyəndə, soruşmuşdu ki, siz hələ onu gətirməmisiniz? Ondan sonra xəbər aldıq ki, təyyarə gəlir. Gecə ilə gəldilər, apardıq, Novxanıda babasının yanında dəfn elədik”.
R.Rəsulzadənin xatirələrini daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.