Türkiyədə koronavirusdan 120 min sağalan var
26.05.2020
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri sayəsində gündəlik yoluxma və ölüm hallarında azalma davam edir.
Ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 25-də ölkə üzrə 21 min 492 nəfər testdən keçirilib. Onlardan 987 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1321 nəfər sağalıb, 29 nəfər dünyasını dəyişib. Beləliklə, məlum infeksiyadan sağalanlar 120 min 15, ölənlərin sayı isə 4 min 369 nəfərə çatıb. Bu vaxtadək ölkə üzrə bir milyon 853 min 754 nəfər testdən keçirilib. Onlardan 157 min 814 nəfərdə infeksiya aşkarlanıb.
Qeyd edək ki, mayın 23-dən etibarən Türkiyədə növbəti dəfə komendant saatı rejimi tətbiq olunub. Daxili İşlər Nazirliyinin nəzarəti ilə qorunan komendant saatı dörd gün davam edəcək. COVID-19 infeksiyası ilə bağlı tətbiq olunan qadağalar nəzarətli qaydada tədricən aradan qaldırılır. Ən son məlumata görə, ölkə daxilində dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur. İctimaiyyət aradan qaldırılan digər məhdudiyyətlərlə bağlı vaxtaşırı məlumatlandırılır.