Ay bu vaxt görünəcək
18.05.2020
Müsəlmanların eyni gündə orucluğa başlaya bilməyib, eyni gündə bayram etməməsinə irad tutulmamalıdır. Bizim istəyimizdən asılı olmayaraq, Ramazan ayına eyni gündə başlamaq mümkün də deyil.
İlahiyyatçı Rəsul Mirhəşimlinin sözlərinə görə, müsəlmanların Ramazan ayına fərqli günlərdə başlayıb, fərqli günlərdə bayram etmələri ilə bağlı danışarkən deyib. R.Mirhəşimli bildirib ki, bu durumda əndişəyə düşəcək qeyri-adi heç nə yoxdur:
"Bu il də müsəlmanlar Ramazan ayının orucuna eyni gündə başlamadı. Azərbaycanda Ramazan ayı aprelin 25-dən, Türkiyə və başqa ölkələrdə aprelin 24-də başladığı açıqlanıb. Bu durumda əndişəyə düşəcək qeyri-adi heç nə yoxdur. Ramazan ayının orucu ilə bağlı Qurani-Kərimdəki ayələrdən biri belədir: "Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar”.
Bu ayənin bir çox təfsirində "yetişən” ifadəsinin əvəzinə "şahid olan” kəlməsi istifadə olunub. Ramazan ayının başlanması ilə bağlı fiqhi məsələlərdə iki müxtəlif yanaşma var: Ayın çıxması ilə Ramazan orucuna başlamaq və Ayın görünməsi ilə oruca başlamaq. Qeyd edim ki, bu il Ramazan ayının hilalı Misirdə müşahidə edilmişdi. Misirdə müşahidə olunan Ay təbii olaraq, Azərbaycan səmasında bir gün sonra görünəcəkdi”.
R.Mirhəşimli deyir ki, islam coğrafiyası dünyanın böyük qismini əhatə etdiyi üçün bizim istəyimizdən asılı olmayaraq, Ramazan ayına eyni gündə başlamaq mümkün deyil:
"Azərbaycanda yaşayan müsəlman Uzaq Şərqdə yaşayan müsəlmanla, məsələn, sübh namazını eyni vaxta qıla bilməz, eləcə də Ramazan ayının gün fərqi ilə elan olunması heç bir narahatlıq yaratmır. İslam müxtəlifliyi sevən dindir, bu müxtəlifliyi ilə də gözəldir. Müsəlmanların eyni gündə orucluğa başlaya bilməyib, eyni gündə bayram etmədiyini irad tutanlar xristianların Pasxa bayramlarının qeyd olunduğu tarixlərə də nəzər salsınlar. Katolik, pravoslav və s. cərəyanların Pasxası bir-birindən ən azı 10 gündən çox fərqli vaxta qeyd olunur”.
İhaliyyatçı bildirib ki, böyük ehtimalla, müsəlmanlar Ramazan bayramını mayın 24-də keçirəcək:
"Ramazan ayına müxtəlif vaxtlarda başlayanların bir qismi Şaban ayının 30, başqa bir qismi isə 29 gün olduğunu elan ediblər. Bu hesablamaya da uyğun olaraq, Ramazan ayının orucunu 29 və 30 gün tutmaqla bayram gününün eyni tarixə uyğun olacağı daha böyük ehtimallar sırasındadır. Oruc elə ibadətdir ki, onu görsəniş üçün etmək mümkün deyil. Çünki kimin oruclu olub-olmadığını Allahdan başqası bilməz. Orucluğun məsuliyyətini dərk edən insanlar "orucluyam” deməz, "niyyətliyəm” deyər. Əməllər də niyyətlərə bağlıdır”.
İlahiyyatçı bildirib ki, bayram hilalı mayın 23-də axşam görünəcək, mayın 24-də isə bayram qeyd olunacaq.