21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Məhəmmədəli Sultanov 100 illik yubileyini qeyd edib

18.05.2020



Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ən uzunömürlü ailəsinin başçısı olan Məhəmmədəli Sultanovun 100 illik yubileyi qeyd olunub.

Komitədən bildirilib ki, Ordubad rayonunun Tivi kəndində yaşayan, evliliyinin 74 ili tamam olan, İkinci Dünya müharibəsi veteranı Məhəmmədəli Sultanovun yubileyi ilə əlaqədar keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək keçirilən tədbirdə muxtar respublikada ahıl insanlara, eləcə də veteranlara göstərilən qayğıdan ətraflı danışıblar. Bildirilib ki, ahıl insanlar daim diqqət və qayğı ilə əhatə olunurlar, onların sosial müdafiəsi gündən-günə yaxşılaşır. Həmçinin muxtar respublikada yaşayan ahılların mütəmadi olaraq yubileyləri qeyd olunur. Bu yubileylərin xüsusi qeyd olunması cəmiyyətimizin hər bir üzvünün unudulmadığının göstəricisidir.

Diqqətə çatdırılıb ki, Məhəmmədəli Sultanov İkinci Dünya müharibəsində iştirak edib, ön cəbhədə vuruşub, şücaət göstərib, göstərdiyi fədakarlığa görə müxtəlif orden və medallarla təltif olunub. Dövlətimiz tərəfindən avtomobillə təmin olunub, Prezident təqaüdünə layiq görülüb.

Məhəmmədəli Sultanov ömrünün 27 ilini rabitə sahəsində fəaliyyət göstərib. Eyni zamanda, onun ailəsi muxtar respublikanın ən uzunömürlü ailəsidir. Məhəmmədəli Sultanovun 7 övladı, 25 nəvəsi, 42 nəticəsi və 3 kötücəsi vardır.

Çıxış edənlər Məhəmmədəli Sultanovun 100 yaşı tamam olması münasibətilə onu təbrik edib, uzunömürlü ailəyə cansağlığı və firavan həyat arzulayıblar. Yubilyara gül buketi və hədiyyələr verilib.

Məhəmmədəli Sultanov və ailə üzvləri dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, yubilyarla keçirilən görüş mövcud vəziyyətlə əlaqədar sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilib.