Sinqapurda antikoru bir saata təyin edən test hazırlandı
15.05.2020
Sinqapur alimləri bir saat ərzində koronavirusa anticismin varlığını təyin etməyə imkan verən ekspress-test hazırlayıblar.
TASS xəbər verir ki, bu barədə Sinqapur Milli Universitetinin yeni yoluxucu xəstəliklər proqramının rəhbəri, professor Vanq Linfa keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, test COVID-19 əleyhinə potensial peyvəndlərin effektivliyini qiymətləndirməyə, əhalinin hansı hissəsinin xəstəliyə yoluxduğunu və müalicə olunduğunu hesablamağa, həmçinin, yeni yayılmaları izləməyə imkan verəcək.
Ekspert onu da qeyd edib ki, dövlətin tədricən sərt karantin tədbirlərini yumşaltması ilə əlaqədar belə tədqiqatların aparılması son dərəcə vacibdir.
Alim deyir ki, virus daxil olduqda orqanizm min olmasa da, yüzlərlə antikor istehsal etməyə başlayır, lakin hamısı onu zərərsizləşdirə bilməz.
Onun sözlərinə görə, yeni inkişaf qısa müddət ərzində bu virusla mübarizə aparan maddələri dəqiq müəyyənləşdirməyə qadirdir.
"CPass” adlanan yeni testin istehsalına qısa müddətdə başlanılacaq və daha sonra yerli xəstəxanalara paylanacaq. Eyni zamanda, ən qısa müddətdə digər ölkələrə çatdırıla bilər.